“Ya pasportumuzla yaşayacaqlar, ya da çıxıb gedəcəklər” - Deputat

27 Sentyabr 2021 15:06 (UTC+04:00)

“Bu gün - 27 sentyabr 2021-ci il Qarabağın Ermənistanın işğalından azad edilməsi üçün 44 günlük müharibənin başladığı gündür. 30 il öncə Ermənistan havadarları olmadan Azərbaycan ərazisini işğal edə bilməzdi. Bir yandan da Azərbaycan dağınıq, özünə gəlməyə çalışan qeyri-sabit, zəif, gücsüz bir dövlət idi, milli birlik isə yox idi, siyasətçilər də kreslo davasında, xeylisi də siyasi təcrübəsiz idi. Ermənistan da belə zamanda öz xislətini göstərdi, dar gündə çörək verənini, “dost” dediyini, qonşusunu arxadan vurdu”.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Razi Nurullayev deyib.

Deputat qeyd edib ki, o dönəmdə Azərbaycanın daxilində nə sosial, nə siyasi stabillik, ordu, silah, iqtisadiyyat yox idi, insanlar isə ac idi:

“Rusiya bizə acıqlıydı. Bütün çətinliklərə, güclərin qeyri-bərabərliyinə baxmayaraq Azərbaycan xalqı vuruşdu, hər qarış torpağı uğrunda canını qoydu, Rusiyanın silahlandırdığı Ermənistana qarşı bəzən ov tüfəngiylə vuruşdu. Dünya da haqqsızlığa, vəhşiliyə susdu.

Amma biz sınmadıq, inamımızı itirmədik. Bu 30 ildə bəzən ümidsizliyə qapıldığımız da oldu, çünki az müddət deyil 30 il, əsrin üçdə biri. Amma bir an da olsun qəbul etmədik torpaq itkisini, işğalı, durmadıq, gücləndik, güclü ordu qurduq, hər bir Azərbaycanlının beynində, dilində Qarabağ, “Qarabağ bizimdir, bizim olacaq” şüarı vardı. Bu illər ərzində müharibə zamanı, işğala, Xocalıya, bir milyondan çox insanın yurdundan didərgin salınmasına susan dünya “sülhməramlı” missiyaya başladı. Minsk qrupu yaradıldı və 30 il bu qrup turist səfərlərindən başqa bir işə yaramadı.

Müharibədən bir neçə gün öncə kanalların birində dediyim kimi, nə xalqın, nə hökumətin, nə dövlət başçısının səbri qalmışdı, hər kəs anlayırdı, bu iş sülhlə olmayacaq. İllərdir savaş, qisas, torpaq həsrətiylə alışıb yanan xalq küçələrə axın etdi, hərbi komissarlıqların önü doldu-daşdı müharibəyə getmək istəyən insanlarla, yaşlı, gənc, hətta qadınlarımız, canını ortaya qoymağa hazır idi. Tarix də belə bir birliyə çox nadir şahidlik edə bilərdi. İstər ön, istər arxa cəbhədə, xalq varını-yoxunu ortaya qoydu. Ermənistan ordusu 44 gün ərzində demək olar darmadağın edildi, işğalda olan torpaqlar azad edildi. Azərbaycan ordusunun apardığı savaş dünya hərb tarixinə dərslik kimi düşdü. Bütün dünya şokdaydı. İşğal olunmuş torpaqlarımız bir-birinin ardınca mütəşəkkil, güclü, müasir ordumuz, xalqımızın birliyi, mübarizliyi sayəsində işğaldan azad edildi. Təbii ki, bu dəfə tək deyildik, yanımızda qardaş Türkiyə də var idi”.

Razi Nurullayev qeyd edib ki, şəhidlərin qanı bahasına çalınan zəfər kimlərdəsə qıcıq doğurur:

“Bunu anlaya bilmirəm. Qələbə necə olur ki? Bəli, hələ tam aydınlaşmayan məsələlər var, sülhməramlıların nəzarətində olan bəzi ərazilər var. Amma, 44 gün ərzində Qarabağın işğal nəticəsində itirilən torpaqları azad edilib. Biz axı Lələtəpənin azad edilməsini illərlə bayram etmişdik. Necə olur ki, bu boyda ərazinin azad edilməsinə mız qoya bilirik?

Xankəndi də Azərbaycandır. Sadəcə indi sülhməramlıların nəzarətində olan ərazilərdə də iki yüz əvvəl ora köçürülən ermənilər yaşayırdı. Onlar da seçim etməli olacaqlar, ya Azərbaycan vətəndaşlığını qəbul edib bizim pasportumuzla yaşayacaqlar, ya da çıxıb Ermənistana gedəcəklər. İndi bir az da səbr edək. Bu qələbənin qürurunu hiss edək, xoşbəxtliyini yaşayaq. Biz artıq qalib ölkəyik, biz Azərbaycan tarixində ilk dəfə işğaldan torpaq azad etmişik, bunun qüruruyla yaşayaq.

İndi isə həm də torpaqları azad edən, bu sevinci bizə yaşadan müharibə iştirakçılarının, əsgər və zabitllərimizin, şəhid ailələrinin qeydinə qalmalıyıq. Bu gün hələ də qapısı döyülməyən, diqqətə, qayğıya, işə ehtiyacı olan müharibə iştirakçıları var. Səfərbər olunub onlara kömək olmaq, onları diqqətdə saxlamaq vacibdir”.