Proses başlayır: “Separatçı birləşmələr çıxarılır, Şuşanın 26 kəndi isə...” – Müsahibə

28 Sentyabr 2021 09:14 (UTC+04:00)

“Azərbaycan Prezidenti İlham Əliyev bu məsələləri qəti şəkildə rusiyalı həmkarı Vladimir Putin qarşısında qoydu. Proseslərin bu şəkildə inkişaf edəcəyi təqdirdə, bölgədə ciddi qarışıqlığın mümkünlüyü, hətta isti müharibənin yarana biləcəyini onun nəzərinə çatdırdı. Güman edirəm ki, bu, Putin tərəfindən diqqətlə qarşılandı. Bu, həm də Rusiya-Azərbaycan münasibətlərində yaranmış soyuqluğun aradan qaldırılmasında mühüm rol oynadı”.

Politoloq Qabil Hüseynlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Rusiyanın Qarabağdakı sülhməramlılarının komandiri Mixail Kosobokovun general Gennadi Anaşkinlə dəyişdirilməsi haqda məlumat yayılıb. Sizcə, Rusiya niyə belə bir addım atdı?

- Fikrimcə, bu, Azərbaycanın etirazı əsasında oldu. Azərbaycanın belə bir etiraz göndərməsinin kifayət qədər əsasları vardı. Əvvəla, bu şəxsin (Kosobokov) tərcümeyi-halı hamar deyil. İkincisi, bu adam vəzifəyə təyin olunan kimi, sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərin xəritəsi Rusiya Müdafiə Nazirliyinin saytında sovet dönəmində mövcud olmuş DQMV-nin əraziləri formasında çap edildi. Azərbaycan bu məsələyə də kəskin reaksiya verdi. Digər yandan, Laçın dəhlizində baş verən özbaşınalıqlar, dəhlizin genişləndirilməsinə cəhdlər edilməsi kimi hallar ortaya çıxdı. Bir sözlə, bu adam Qarabağda “hökmdar” kimi peyda oldu, ermənipərəstinliyini ilk addımında büruzə verdi. Bu adam general, Rusiyanın milli qəhrəmanı olsa da, bölücü və dağıdıcı kimi özünü aparmağa başlamışdı. Özünü siyasətdən “bixəbər” kimi aparırdı. Kosobokov özünü realizə edərkən ciddi qalmaqallara yol açacaq addımlar atmağa cəhd edirdi.

Azərbaycan Prezidenti İlham Əliyev bu məsələləri qəti şəkildə rusiyalı həmkarı Vladimir Putin qarşısında qoydu. Proseslərin bu şəkildə inkişaf edəcəyi təqdirdə, bölgədə ciddi qarışıqlığın mümkünlüyü, hətta isti müharibənin yarana biləcəyini onun nəzərinə çatdırdı. Güman edirəm ki, bu, Putin tərəfindən diqqətlə qarşılandı. Bu, həm də Rusiya-Azərbaycan münasibətlərində yaranmış soyuqluğun aradan qaldırılmasında mühüm rol oynadı. Hesab edirəm ki, Kosobokovun xidməti yerinin dəyişdirilməsindən sonra Rusiya-Azərbaycan münasibətlərində yumşalmanın baş verdiyini görürük. Hətta Azərbaycan Rusiyanın xoşuna gələcəyi addım atdı. Azərbaycan yeni silahların alınması ilə bağlı Rusiyaya müraciət etdi.

Anaşkinin Kosobokovla müqayisədə müsbət olacağını deyə bilməyəcəm, amma hər halda bu, Rusiya sülhməramlılarının bölgədə ordu və bölücü xislətini bir kənara qoyaraq, özünü ayırıcı və tərəfsiz qurum kimi göstərməsinə şərait yarada bilər.

- Bu xəbərə adekvat olaraq, Qarabağdakı qanunsuz silahlı birləşmələrin sülhməramlılar tərəfindən çıxarılmağa başlaması haqda xəbərlər gəlir. Bəs Rusiyanın bu yöndəki qərarını necə şərh etmək olar?

- Müharibə bitdikdən Ermənistanın da imzaladığı kapitulyasiya aktının – 10 noyabr bəyanatının 4-cü bəndində vurğulanıb ki, Qarabağda Ermənistan silahlı qüvvələrinin bir əsgəri belə qalmayacaq. Bu, Qarabağdakı separatçı qüvvələrə də şamil edilməli idi. Amma demək olar ki, dördüncü maddənin tələbləri yerinə yetirilmədi. Ermənistan silahlı qüvvələrinin 11 min hərbçisi nəinki çıxarıldı, əksinə, 3-4 minlik əlavə silahı dəstələrin Qarabağın dağlıq hissəsinə gətirilməsi haqda Azərbaycan kəşfiyyatı ciddi məlumat əldə etdi. Bu, bütün anlaşmanın təhrif edilməsinə bərabər bir addım idi. Bu, yeni müharibəyə çağırış anlamına gələ, eyni zamanda Azərbaycanı antiterror əməliyyatlarına sövq edə bilər. Artıq Azərbaycan ordusu terrorizmlə mübarizə istiqamətində təlimlər keçir. Üstəgəl, Azərbaycan İsraildən aldığı 2 milyard dollarlıq silahların bir hissəsini antiterror bölmələrinin xidmətinə verib. Digər yandan, müharibədən sonra yaradılmış 4 hərbi korpusdan ikisinin Qarabağın yuxarı hissəsi və onun periferik bölgələri üzrə yerləşdirilməsinə başlanıldı.

Azərbaycan sülhməramlıların komandiri dəyişdirildikdən sonra Rusiyaya ünvanlanmış bir sıra mesajlar verdi. Bunlar isti mesajlardır, bunlarda Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərinin tam qaydada bərpa edilməsi və axıradək yerinə yetirilməsi elementləri vardı. Ölkə prezidentinin bu ölçülü-biçili fikirləri Rusiya tərəfindən düzgün qiymətləndirildi və adekvat tədbirlərin görülməsinə başlandı.

- Söhbət nədən gedir?

- Bunlardan biri, silah alışı ilə bağlı ilkin razılaşmanın əldə edilməsi ilə bağlıdır. İkincisi, sülhməramlıların komandirinin dəyişdirilməsi, üçüncüsü isə Qarabağdakı erməni qanunsuz birləşmələrinin, eləcə də Ermənistan ordusunun hərbçilərinin çıxarılması məsələləridir. Qanunsuz birləşmələrin dislokasiya yerində qalması, üstəgəl, əlavə qüvvələrin gətirilməsi Moskva razılaşmasının bütün ruhunun təhrif edilməsi demək idi. Yeni müharibənin başlanmasını labüd edən məqamdı. Bu baxımdan, bölgədəki erməni qanunsuz silahlı birləşmələrinin çıxarılması haqda xəbərlər həqiqətə bənzəyir.

Təxminən üç ay əvvəl Qarabağın dağlıq hissəsindəki silahlı birləşmələrin müəyyən ağır texnikalarının çıxarılması haqda kəşfiyyat məlumatı və vdeogörüntü yayılmışdı. Bu proses davam etmədi, bölgədəki canlı qüvvələr çıxarılmadı. Azərbaycan bu məsələnin həll edilməməsindən narazı qalmışdı və bunu diplomatik kanallar vasitəsilə Rusiyanın diqqətinə çatdırdı.

Qarşıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Putinin görüşü keçiriləcək. Hesab edirəm ki, Ərdoğan bu məsələləri Putinin qarşısında qaldıracaq. Üstəgəl, Azərbaycan prezidenti Ərdoğanın bu səfərindən əvvəl Moskvaya yönəlmiş səmimi və isti mesajlar verdi. Bununla Soçi görüşündə əlverişli siyasi iqlimin formalaşmasına öz töhfəsini verdi. Nəhayət, bu düyün açılmalıdır. Deyəsən, qalib Azərbaycanın Qarabağla bağlı əlavə problemlərin yaranmasına dözməyəcəyini Rusiyada da anlayıblar. Eyni zamanda, Azərbaycan ordusunun ən elit qüvvələrinin ən müasir silahlarla antiterror əməliyyatları hazırlığı keçməsi də buna ayrıca təsir göstərir. Proses başlayıb, amma indi bunun hara qədər gecəcəyini deməkdə çətinlik çəkirəm. Amma proses başlayıb.

- Qarabağdan gələn yeni xəbərlərə uyğun olaraq, sosial şəbəkələrdə Xocalı, Ağdərə və Xocavəndin yaxında ordumuzun nəzarətinə veriləcəyi iddiası da dolaşır. Bu yöndə hansı gəlişmələr ola bilər?

- Belə bir məlumat həm kuluarlarda, həm sosial şəbəkələr, həm də digər kütləvi informasiya vasitələrində gəzməkdədir. Xocavənd, Ağdərə və digər ərazilərimizin tam Azərbaycanın suverenliyinə verilməzdən əvvəl Şuşanın 26 kəndi məsələsinin gündəmdə olduğunu düşünürəm. Şuşa o vaxt böyük bir rayon idi, sakinləri tamamilə azərbaycanlılardan ibarətdi. Şuşanın mərkəzi azad edilsə də, 26 kəndinə girə bilmirik. Bu məsələ də ciddiliyi ilə Moskva qarşısında qoyulub.

Bundan başqa, Xankəndinin özünə də azərbaycanlıların qaytarılması məsələsi də Azərbaycan rəhbərliyi tərəfindən gündəmə gətirilib. Biz ermənilərlə birgə yaşamağa hazır olduğumuzu bəyan etmişik. Buna adekvat olaraq, azərbaycanlıların Şuşanın kəndələri, Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə qaytarılması məsələsinin həlli aktual şəkildə gündəmdədir. Hesab edirəm ki, bu məsələlər xoşluqla həll edilməsə, Azərbaycan ordusunun indi hazırlamaqda və cilalamaqda olduğu antiterror əməliyyatları ilə çözülə bilər. Əgər anlaşmalar yerinə yetirilməyəcəksə, antiterror əməliyyatları Laçın dəhlizinədək böyük əraziləri əhatə edəcək.