"Ermənistan hələ uzun illər bu damğa ilə yaşayacaq" - Millət vəkili

27 Sentyabr 2021 21:31 (UTC+04:00)

Bu gün Azərbaycan tarixinin ən şanlı, şərəfli, qürurlu günlərinin ildönümünü yaşayırıq. Azərbaycan xalqı bu qələbəni, bu günü səbirsizliklə gözləyirdi. Bu gün Azərbaycan xalqı qələbəyə görə sevinir, Ali Baş Komandan İlham Əliyevə öz dərin təşəkkürünü bildirir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov 27 Sentyabr döyüşləri haqqında danışarkən deyib.

O bildirib ki, qələbəyə gedən yol xalqımız üçün uzun və ağır bir yol oldu:

“Otuz ilə yaxın insanlarımız səbirsizliklə bu günü gözlədilər. Hər an, hər gün erməni təcavüzünə məruz qaldılar. Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı heç zaman sınmadı, əyilmədi. Ermənilər düşünürlər ki, azərbaycanlılar zamanla Qarabağı unudacaqlar. Bizdən asılı olmayan səbəblərdən zamanında Zəngəzur və İrəvan Azərbaycandan ayrıldı. Biz uzun müddət bu torpalardan ayrı yaşadıq. Ermənilər düşünürdülər ki, onlar Qarabağı da əldə edə biləcəklər və bu torpaqlar əbədi olaraq onların olacaq. Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə göstərdi ki, heç zaman bununla barışmayacaq və öz torpaqlarının azad olunması üçün bütün gücü ilə çalışacaq. Baş verənlər onu göstərdi ki, həqiqətən də Azərbaycan xalqı böyük xalqdır. Azərbaycan xalqını təbrik edirəm, bu, böyük qələbədir.

O gün olsun bu qələbəmizin əlili, yüz illiyini qeyd edək. Eyni zamanda bütün şəhidlərimizə rəhmət diləyirəm. Onların valideynləri qarşısında baş əyirəm. Ulu tanrıdan Azərbaycan xalqına hər zaman yar olmasını arzu edirəm. Qazilərimizə şəfa diləyirəm. Həqiqətən də qalib ölkənin vətəndaşı olmaq çox qürurverici, çox sevindiricidir. Bu gün qələbəni bu şəkildə yaşayaraq, alnıaçıq fəaliyyətimizi davam etdiririk. Cənab Prezidentin də qeyd etdiyi kimi, Ermənistan isə hələ uzun illər bu damğa ilə yaşayacaq. Heç zaman bu acı məğlubiyyəti unutmayacaq. Əgər ermənilər yenidən başlarını qaldırıb, yeni təxribata cəhd etsələr, bunun qarşısını Azərbaycan ordusu çox qətiyyətlə alacaq”.