Məşhur fransız aktrisa ilə eyni filmdə çəkilən azərbaycanlı – Maraqlı tarixçə

28 Sentyabr 2021 09:23 (UTC+04:00)

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında yaşadıqları ölkələrdə məşhurluq qazanan, amma azərbaycanlı olduqlarını çox az adam bilən, əksəriyyətinin isə bundan xəbərsiz qaldığı şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs də onlardan biridir.

Bahar Əfşar “Pəhləvi”, “Gülşiftə”, “Yalnız arı”, “Mahur” və digər ekran əsərləri də daxil olmaqla, bir çox film və seriallarda canlandırdığı obrazlarla şöhrət qazanıb.

Bahar Əfşar 1985-ci il mayın 12-də Tehranda azərbaycanlı ailəsində anadan olub. Aktrisanın ata soyu əfşar türklərindəndir, soyadı da buradan gəlir.

Ailənin etirazı

Bahar aktyorluq sənətinə uşaqlıqdan maraq göstərib. İlk addımlarını məktəb tamaşalarında rol almaqla oynamaq atıb. Hələ erkən yaşlarından aktyorluq karyerası qurmaq arzusunda idi. Beləliklə, yeniyetmə yaşlarında sənətlə məşğul olmaq qərarına gəlir, amma ailəsi bu fikri ilə razılaşmır, qızlarının tibb təhsili almasını istəyirdi. Elmi sahəyə heç bir marağı olmayan Bahar bundan sonra riyaziyyat və fizika üzrə təhsil almağa başlayır. Riyaziyyat-fizika ixtisasını bitirdikdən sonra universitetə ​​daxil olur, kompüter mühəndisliyi üzrə bakalavr dərəcəsi alır. Amma bundan o tərəfə davam etmir, yolunu kino dünyasına doğru dəyişir.

Bahar ilk dəfə Azita Haciyanın rejissorluq etdiyi və böyük şöhrət qazanan teatr tamaşasında görünür. Rolunun öhdəsindən peşəkarlıqla gələn Bahar Məhəmməd Rza Şərifiniyanın diqqətini çəkir. Beləliklə, onun ekranlaşdırdığı serialda rol alır. Baharın valideynləri onun aktrisa olmaq qərarına etiraz etsələr də, sonda qızlarının inadkarlığı qalib gəlir – onun kino karyerası qurmaq arzusuna mane ola bilmirlər. Məcburən razılaşırlar.

İlk filmi

Bahar Əfşar ilk dəfə Leyla Hatəmi, Niki Kərimi, Təranə Əlidusti, Məhnaz Əfşar, məşhur fransız akrtisa Cülyetta Binoş, Laya Zəngani, Puri Bənayi kimi populyar oyunçularla birgə rol aldığı Abbas Kiyarüstəminin filmi (“Şirin”) ilə diqqət çəkib. Filmdə 100-dən çox aktrisa rol alıb. Bununla kino dünyasında özünü göstərmək yolunda böyük məsafə qət etdi. İran kinosunun ən yaxşı sənət filmlərindən biri sayılan ekran əsərində rol alması adını kino həvəskarları arasında populyarlaşdırsa da, hələ istədiyi pilləyə qalxmamışdı. İlk filmindən 3 il sonra Seyid Ziyaəddin Dari tərəfindən yazılan və rejissorluq edilən “Kolah Pəhləvi” adlı televiziya serialında Hadi Mastarşaniya obrazını canlandırdı. Sonra həmin ssenari əsasında çəkilən bədii filmdə rol alıb.

Bahar Əfşar daha çox 2012-ci ildə çəkilən “Günahkarlar” filmindəki Asiman obrazı ilə tanınır.

“Barkod” filmi

Rejissoru Mustafa Kiyayeyi olan “Barkod” İran kinosunun ən yaxşı filmlərindən biri sayılır. Filmdə Bəhram Radan, Möhsün Kiyayeyi, Səhər Dolatşahi, Bahar Əfşar, Pejman Bazugi və Rza Kiyaniyan rol alıb. Əvvəlki ekran əsərləri kimi, bu film də sosial problemlərdən, narkotiklərdən və kapitalist sistemdən bəhs edir. Burada filmin ssenarisi yumoristik dillə verilib.

Bahar 2016-cı ilidə Manuçöhür Hadinin rejissorluq etdiyi bir serialda rol alıb. Aktrisa, bunlardan başqa “Yaşamaq istəyirəm” (2021), “Söhrabın xəyalları” (2021), “Pezar Koşi” (2020), “Yüngüllük” (2019), “İsti qoxu” (2018), “Sarı” (2017), “Ayaqqabılarım haradadır?” (2016) və s. kimi seriallar və bədii filmlərdə çəkilib.