Dövlət Komitəsində şəhidlərin xatirəsi yad olundu

27 Sentyabr 2021 18:01 (UTC+04:00)

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sentyabrın 27-də “Anım Günü”nə həsr olunmuş toplantı keçirib.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, tədbirə Ali Baş Komandan, Prezident İlham Əliyevin sözləri ilə başlanılıb.

“Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır. Bu qayıdışı ən qısa müddət ərzində təmin etmək bu gün bizim başlıca vəzifəmizdir”.

Daha sonra Dövlət Komitəsinin sədri Rövşən Rzayev toplantı iştirakçıları qarşısında çıxış edərək, bir il əvvəl işğalçı Ermənistanın növbəti hərbi təxribatına qarşı Azərbaycan Ordusununun həyata keçirdiyi və qələbə ilə başa çatdırdığı əks-həmlə əməliyyatında xalqımızın qəhrəman övladlarının göstərdiyi şücaətlərin tarixdə əbədi iz qoyuduğunu diqqətə çatdırıb. Dövlətimizin başçısının böyük cəsarəti və qətiyyəti, dəqiq və məqsədyönlü hərbi-siyasi və diplomatik addımları, hərbçilərimizin rəşadəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlərdə düşmənin ağır məğlubiyyətə uğradıldığı, üç rayonun ərazisini isə döyüşsüz tərk etməyə məcbur olduğu qeyd edilib.

İşğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda hazırda bərpa-quruculuq işlərinin aparıldığı, məcburi köçkünlərin tezliklə öz doğma yurdlarına qayıdışına hazırlıq görüldüyü bildirilib.

Dövlət Komitəsinin kollektivi saat 12:00-da şəhidlərin xatirəsini birdəqiqəlik sükutla yad edib, onlara Allahdan rəhmət, ailələrinə səbir diləyib.