Bakı və İrəvana təklif: “Bunu ABŞ və Türkiyə də dəstəkləyəcək”

27 Sentyabr 2021 23:06 (UTC+04:00)

“Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyindən tam imtina etməsələr də, Gürcüstanı da görüş yeri kimi seçə bilərlər”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Gürcüstanın Azərbaycan və Ermənistan arasındakı vasitəçilik səylərinə diqqət çəkib:

“Gürcüstan Baş naziri İrakli Qaribaşvili bu gün keçirdiyi brifinqdə deyib ki, rəsmi Tbilisi Bakı və Yerevan arasında yüksək səviyyədə danışıqlar üçün platforma yaratmağı planlaşdırır. Qaribaşvili xatırladıb ki, Gürcüstan iyunda saxlanılmış 15 erməni əsgərin azad edilməsinə, həmçinin Qarabağda minalanmış sahələrin xəritələrinin Azərbaycana təhvil verilməsinə yardım edib. Qaribaşvili “Cənubi Qafqaz” platformasının daimi əsasda fəaliyyət göstərməsini təklif edib.

Bunu faydalı təklif hesab edirəm. Gürcüstan Azərbaycanın strateji tərəfdaşı, Ermənistanın isə dostu sayılır. Başqa sözlə, Gürcüstan Azərbaycanla Ermənistan arasında davamlı sülhdə və əməkdaşlıqda maraqlı olmalıdır. Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyindən tam imtina etməsələr də, Gürcüstanı da görüş yeri kimi seçə bilərlər. Gürcüstanın vasitəçiliyini və görüş yeri kimi seçilməsini Rusiyanın xaricində digər oyunçular Türkiyə, ABŞ, Avropa İttifaqı müsbət qiymətləndərərlər”.

Elxan Şahinoğlu qeyd edib ki, Qaribaşvilinin verdiyi təklif əsasında Tbilisidə müzakirələrə başlamaq olar:

“Biz istəyirik ki, Ermənistanla sərhəd müəyyənləşsin, sülh sazişi imzalansın, dəhliz açılsın. Bütün bu mövzuları Qaribaşvilini təklif etdiyi daimi əsasda Tbilisidə diplomatlar səviyyəsində müzakirələrinə başlamaq olar. Hazırda Qaribaşvili təklifinə həm Bakıdan, həm də İrəvandan reaksiya gözləyir”.