Gədəbəydə arvadını öldürmək istəyənə hökm oxundu

27 Sentyabr 2021 17:39 (UTC+04:00)

Gədəbəy rayonunda arvadını öldürməyə cəhddə təqsirləndirilən Rasim Məsimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Rasim Məsimov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il sentyabrın 25-də Gədəbəy rayonu ərazisində Qurudərə kənd sakini Z.Məsimovaya çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri R.Məsimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə Z.Məsimovanı qəsdən öldürməyə cəhd edərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Daha sonra R.Məsimovun tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.