CIA-nın inanılmaz planı: Paytaxtda ruslarla silahlı qarşıdurma...

28 Sentyabr 2021 10:25 (UTC+04:00)

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) 2017-ci ildə Ekvadorun Londondakı səfirliyinə sığınan “Vikiliks”in qurucusu Culian Assancı oğurlamaq və öldürmək planlarını Ağ Evə təqdim etdiyi iddia olunub.

Teleqraf.com xəbər verir ki, “Yahoo News” tərəfindən ələ keçirilən gizli hesabatda “Vikilik”sin 2017-ci ildə CIA-ya məxsus minlərlə gizli sənədi yayımlamasının ABŞ kəşfiyyatını qəzəbləndirdiyi bildirilib.

Bundan sonra dönəmin dövlət katibi və CIA-nın keçmiş direktoru Mayk Pompeonun sızıntıdan sonra Assancdan intiqam almaq qərarı verildiyi deyilən hesabatda onun “Vikiliks”in qurucuna qarşı sui-qəsd və ya onu oğurlamaq planını Donald Tramp administrasiyasının yüksək vəzifəli şəxsləri ilə görüşündə təqdim etdiyi iddia olunub.

Məlumatda qeyd edilib ki, Rusiyanın Assancı Londondan Moskvaya qaçırmaq planı barədə kəşfiyyat məlumatı əldə etdikdən sonra CIA buna yol verməmək üçün onu öldürmək qərarına gəlib.

Assancın qaçırılmasının qarşısının alınması üçün Londonda Rusiya casusları ilə ehtimal olunan silahlı qarşıdurmaya hazırlığın görüldüyü də iddialar arasında yer alıb.

Assanc 2010-cu ildən başlayaraq ABŞ hökumətinin minlərlə gizli diplomatik sənədlərini yaymasından sonra ittihamlarla üzləşib.

2012-ci ildən Ekvadorun Londondakı səfirliyində yaşayan Assanc 2019-cu ilin aprel ayında Ekvadorun müdafiəsini geri çəkməsindən sonra İngiltərə tərəfindən həbs edilib. Məhkəmə prosesi davam edən Assanc hələ də Londonda həbsxanada saxlanılır.