Güclü yağışda səki yoxa çıxdı... - Binəqədi İH hara baxır?

28 Sentyabr 2021 10:41 (UTC+04:00)

Paytaxtda güclü yağış nəticəsində bir sıra küçələr su altında qalıb.

Teleqraf.com xəbər verir ki, bu gün səhər saatlarında başlayan yağış Bakıda bir sıra çətinlikər yaradıb.

Şəhərin Süleyman Sani Axundov və digər küçələri su altında qaldığından keçilməz olub. Bundan başqa, Abay Kunanbayev küçəsində “Bolluq” adlanan ərazidə mağazaları su basıb, səkilər yağış sularının altında qalıb. Yollarda yaranan su gölməçələri avtomobillərin hərəkətində çətinliklər yaradıb.

Binəqədi rayonunun bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər yaranıb.

Yoldakı sel sularını çəkmək üçün əraziyə heç bir texnika cəlb olunmayıb. Bundan əlavə, adi günlərdə ərazidə xidmət göstərib sürücüləri haqlı-haqsız cərimələyən yol hərəkətini tənzimləyən Dövlət Yol Polisinin əməkdaşları da gözə dəymir.

FHN-nin günlər əvvəl xəbərdarlıqlarına baxmayaraq Binəqədi Rayon İcra Hakimiyyəti məsələyə hələ də laqeyd yanaşır. Yollarda yağış ötürücü kanalizasiya xətti yoxdur.