Paşinyan etiraf etdi: 7 rayonu qaytara bilərdik... - Açıqlama

7 Oktyabr 2021 11:46 (UTC+04:00)

Ermənistanda ciddi siyasi gərginlik yaşanmaqdadır. Bəzi ekspertlər Ermənistanın vətəndaş müharibəsinə yuvarlanacağını da ehtimal edir. Səbəb isə Paşinyanın post-müharibə dövründə revanşistlərə qarşı “səlib yürüşü” ilə izah olunur. Çünki bu gün Ermənistanda olan “Qarabağ klanı” revanşistlərin əsas “simalarını” təşkil edir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Onun fikrincə, Paşinyan hazırda “Qarabağ klanı"na qarşı da ciddi mübarizəyə başlayıb:

“Ermənistanda revanşistlərin hərbi və siyasi cəbhəsi mövcuddur. Bu gün Paşinyan revanşistlərin hərbi qanadı ilə də mübarizə vəziyyətindədir. Revanşistlərin bir çox generallarının həbsi də bu qəbildəndir. Qarşıda daha səs-küylü həbslər gözlənilir. Ohanyanın da yaxın zamanlarda istintaqa cəlbi mümkündür”.

Deputat qeyd edib ki, Ermənistanda revanşistlərin siyasi qanadında isə Serj Sərkisyanla, Robert Köçəryanın da həbsi zaman məsələsidir:

“Bunu hətta “Qarabağ klanı"nın üzvləri də yaxşı bilir. Onlar da öz növbəsində Paşinyanın hətta fiziki baxımdan aradan götürülməsi düşüncəsindədir. Bununla bağlı erməni mətbuatında kifayət qədər materiallar var. Məhz bu baxımdan Paşinyanın verdiyi bəyanatlar birbaşa erməni ictimaiyyətinə ünvanlanıb. Xüsusilə də Azərbaycan ərazilərinin işğalı dövründə 7 rayonun geri qaytarılması, Şuşa ilə bağlı fikirlər onu deməyə əsas verir ki, Paşinyan siyasi rəqiblərini sıradan çıxarmaq üçün zamanında deyilməyən həqiqətləri dilə gətirir. Əslində onun fikirlərində rasional məsələlər yer alıb. Çünki real məğlubiyyətdə iki il hakimiyyətdə olmuş Paşinyan deyil 20 il hakimiyyətdə olmuş Köçəryan və Sərkisyan məsuliyyət daşıyır”.

Elman Nəsirov hesab edir ki, Azərbaycan 44 günlük müharibədə Sərkisyan, Köçəryan ordusuna qalib gəlib:

“Ona görə də Paşinyan reallıqları da yaxşı bilir. Məhz yayda keçirilən seçkilərdə müharibəni uduzmuş Paşinyan qalib oldu. Bu erməni cəmiyyətinin “Qarabağ klanı"ndan imtinası kimi də izah olunur. İlk dəfə olaraq Ermənistan siyasi rəhbərliyi Paşinyanın dili ilə reallıqları öz xalqına, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Bu, həmçinin Paşinyanın öz rəqibləri ilə ideoloji mübarizəsinin açıq göstəricisi hesab olunur”