"Prezidentin son səfəri göstərdi ki, bölgələrdə..." - Şərh

2 Noyabr 2021 20:57 (UTC+04:00)

Ölkəmizin bütün regionlarında həyata keçirilən sürətli inkişaf konsepsiyasi uğurla icra edilir. Həyata keçirilən bu uğurlu inkişaf strategiyası ölkəmizin ümumi mənzərəsini tamamilə dəyişib. Hazırda işğaldan azad edilən ərazilərdə böyük quruculuq-bərpa işləri icra edilir. Ərazilərin minalardan təmizlənməsi fonunda paralel olaraq ermənilər tərəfindən 30 ilə yaxın aparılan barbarlığın ağır nəticələri aradan qaldırılır. Eyni zamanda digər bölgələrimizdə də nəzərdə tutulan mühüm layihələr uğurla icra edilir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın İsmayıllı, Şamaxı rayonlarına səfərinin əhəmiyyətindən bəhs edib: “Ölkə Prezidenti bütün regionların inkişafı ilə bağlı məsələlərini daima olaraq nəzarətdə saxlayır. Paralel olaraq geniş quruculuq və bərpa işlərinə dair ardıcıl tapşırıqlar verilir. Bütün bunlar isə Azərbaycanın müasir simasının formalaşdırılması baxımından əhəmiyyətlidir. Bu mənada dövlət başçısının təkcə işğaldan azad olunmuş ərazilərə deyil, digər bölgələrə də ardıcıl səfərləri bütün şəhər, rayon və kəndlərdə geniş quruculuq işlərinin davamlılığını özündə ehtiva edir”.

Azər Badamov qeyd edib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması prioritet təşkil etsə də, digər bölgələrdə də dinamik inkişaf davam edir: “Dövlət başçısının Şamaxı və İsmayıllıya səfəri çərçivəsində tarixi Lahıc qəsəbəsində olması orada görülən işlərlə tanışlığı, qədim məscidin bərpadan sonra ziyarət edilməsi, sakinlərə səmimi söhbət mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda İsmayıllı rayonunda Basqal-Sulut avtomobil yolunun, Uşaq və Ailələrə Dəstək Mərkəzinin tikintisi, orta məktəbin yeni binasının istifadəyə verilməsi dövlətin nəzərdə tutulan bütün işlərə olan münasibətinin göstəricisidir”.

Deputat bildirib ki, Şamaxıda “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin açılışı da mühüm əhəmiyyətə malik idi: ““Meysəri” yarımstansiyası vasitəsilə Şamaxı və İsmayıllı rayonlarının elektrik şəbəkələri ilə əlaqələndirilməsi enerji təchizatı sahəsində vacib amildir. Sözsüz ki, Şamaxı şəhər stadionunun açılması, Şamaxı Üzüm Tingçilik Mərkəzinin açılması, Şamaxıda Çarhan kənd orta məktəbinin yeni binasının istifadəyə verilməsi, Pirsaat Baba ziyarətgah-məscid kompleksində bərpa və yenidənqurma işləri ölkəmizdə hər bir sahəyə olan diqqət və qayğının bariz nümunəsidir”.