Qadından şok etiraf: "Ərim gördü ki, bədənimə kişi adı yazılıb..." – Təfərrüat

4 Noyabr 2021 14:39 (UTC+04:00)

Abşeron rayonunda 1989-cu il təvəllüdlü Bəxtiyar qeyri-rəsmi yaşadığı Məlahətə (adlar şərtidir – red.) işgəncə verib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Bəxtiyar 13 sentyabr 2020-ci ildə saat 18 radələrində, 14 sentyabr 2020-ci ildə saat 16 radələrində və 15 sentyabr 2020-ci ildə saat 17 radələrində qeyri-rəsmi ər-arvad münasibətində olduğu Məlahətlə yaşadıqları evdə mübahisələr edib. O, mübahisə zamanı Məlahətə işgəncə verib, bədənin müxtəlif nahiyələrinə, həmçinin başına yumruq zərbələri vurub.

İstintaq orqanı tərəfindən Bəxtiyarın barəsində Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə, bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddəsi ilə ittiham elan edilib.

“Münasibətim pisləşdi”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəxtiyar ittiham üzrə özünü təqsirli bilib. O deyib ki, Məlahətlə 2018-ci ildə sosial şəbəkədə tanış olub: “Bir müddət mobil telefon vasitəsi ilə danışdıq. Bir neçə dəfə görüşdük, sonra qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamağa başladıq. 2019-cu ilin fevralında Baş Mütəşəkkil Cinahyətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrdən istifadə etdiyim üçün şübhəli şəxs kimi saxladım, idarəyə aparıldım.

Sənədləşmə aparıldıqdan sonra Nərimanov rayon Məhkəməsinin qərarı ilə 4 ay həbs olundum. Daha sonra Nərimanov rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilindim, 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildim.

Həbsdə olduğum zaman Məlahətin tanımadığım şəxslə mobil telefon vasitəsi ilə danışaraq görüşməsini eşitdiyim üçün onunla münasibətim pisləşdi.

Bu səbəbdən bir müddət ondan ayrıldım. Lakin sonradan aramızdakı münasibət normallaşdı. Görüşüb qeyri rəsmi ər-arvad münasibətlərində yaşamağa davam etdik”.

“Dedi ki, bədənindəki yazıları yandırmaqla silib”

Bəxtiyarın sözlərinə görə, 13 sentyabr 2020-ci ildə Məlahət istifadəsində olan mobil telefonla tanımadığı şəxsin vatsap nömrəsinə mesaj yazdığını görüb: “Aramızda bu zəmində mübahisə yarandı. Məlahət heç nə olmamış kimi mənimlə mübahisə etdiyi üçün əsəbiləşdim. Onun sifət nahiyəsinə bir neçə dəfə yumuqla vurdum, saçından tutaraq kənara itələdim, başı divara dəydi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, səhəri gün saat 18 radələrində də Məlahətlə mübahisə edib, onu döyüb: “Sentyabrın 15-də axşam təxminən saat 18 radələrində Məlahətlə yaşadığım evdə mübahisə yarandı. Onu vuraraq döydüm. Sentyabrın 16-da gördüm ki, Məlahət bədənindəki əvvəlki danışdığı oğlanın adını və adlarının baş hərfləri olan döymə yazılarını silib.

Ondan həmin yazıları necə sildiyini soruşdum. Dedi ki, döymə yazılarını evdə yandırmaqla silib. Məlahətin bədənində həmin yazılar olan nahiyələrdə yanıq izi qalmışdı. Dedim ki, həmin yerlərə dərman qoy, tez sağalsın. Bundan sonra Məlahətlə aramızda mübahisəmiz olmadı”.

“Ehtiyatsızlıqdan pəncərədən yıxılıb”

Bəxtiyarın ifadəsinə görə, sentyabrın 16-da saat təxminən 21 radələrində evin zalında divanda uzanaraq televizora baxıb: “Məlahət isə mətbəxdə iş görürdü. Bu zaman qışqırıq səsi gəldi. Əvvəl səsə əhəmiyyət vermədim, mətbəxdən tappıltı səsi eşitdikdə cəld ora keçdim. Gördüm, mətbəxin pəncərəsi açıqdır. Həyətə baxdıqda Məlahəti həyətdə uzanıqlı gördüm.

Cəld həyətə düşdüm və onu qucağıma götürərək evə çıxdım. Təcili tibbi yardıma məlumat verdim. Həmin vaxt evə təcili yardımın həkimləri ilə polis də gəldilər. Məlahəti xəstəxanaya yola saldılar. Orada polislərə qeyd etdim ki, Məlahətlə 13, 14 və 15 sentyabrda mübahisəmiz olub, onu vuraraq döymüşəm. Sentyabrın 16-da isə aramızda heç bir dava-dalaş olmayıb. Onu hər hansı hərəkətə təhrik etməmişəm. Məlahət öz ehtiyatsızlığından pəncərədən yıxılıb”.

“Məni həmişə qısqanıb”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Məlahətin sözlərinə görə, fərdi əməklə məşğul olur: “Daimi yaşayış yerim yoxdur, müxtəlif yerlərdə kirayədə yaşamışam. Hazırda Xırdalan şəhərində kirayədə qalıram. Bəxtiyarı təxminən 2018-ci ildən tanıyıram. Onunla Nərmin adlı rəfiqəmin vasitəsi ilə tanış olmuşam.

Bəxtiyarla bir müddət telefonla danışmışıq, görüşəndən sonra təxminən 2 ilə yaxın Xırdalan şəhəri AAAF park yaşayış kompleksində yerləşən evdə yaşamışıq. Bəxtiyarla qeyri rəsmi ər-arvad münasibətlərində yaşadığım müddətdə məni həmişə qısqanıb”.

Məlahətin ifadəsinə görə, 2019-cu ildə Bəxtiyar narkotikə görə həbs olunub: “Həbsdən azad edildikdən sonra yenə ər-arvad kimi yaşamağa başladıq. Sentyabrın 13-də saat təxminən 18 radələrində Bəxtiyar yaşadığımız evdə qısqanclıqdan mübahisə yaratdı, mənə qarşı kobudluq etdiyi üçün cavab qaytardım. Bəxtiyar ona cavab qaytardığıma görə əsəbi halda üstümə gəldi, yumruqla bir neçə dəfə sifət nahiyəmdən vurdu.

Sonra fasilələrlə məni yenə evdə döydü. Sonrakı iki gündə də sifət və baş nahiyələrimdən vurdu”.

“Bədənimdə olan yazı və hərfləri yandıraraq sildim”

Zərərçəkmiş şəxsin ifadəsinə görə, sentyabrın 15-də saat təxminən 17 radələrində Bəxtiyarla evdə olan zaman yenə keçmiş günlərin qısqanclığından danışıb, mübahisə yaradıb: “Bəxtiyara dedim ki, keçmiş günlərinin ona aidiyyəti yoxdur. Bu sözümdən əsəbiləşdi. Yumruqla sifətimdən və bədənimin müxtəlif nahiyələrinə vuraraq məni döyməyə başladı.

Ona dedim ki, əvvəllər Tural adlı yaxın tanışım olub. Hər ikimiz döymə ilə adımızın baş hərflərini qollarımıza, sinəmizə döydürmüşük. O cümlədən mənim sol qolumda, dirsəyimdə və sinəmdə döymə ilə Turalın adı, adının baş hərfi yazılmış döymələr olub. Bəxtiyar onları görərək bir az da qısqanırdı. Mən də qərara gəldim ki, həmin yazıları bədənimdən silim.

Ona görə həmin gecə evdə mətbəxdə olan zaman bıçağı qızdıraraq bədənimdə olan yazı və hərfləri yandıraraq sildim. Bəxtiyar daha məni döymədi, mənimlə mübahisə etmədi, normal münasibət yaratdı”.

“Polislər evə gəldi”

Zərərçəkmiş şəxs deyib ki, onda qan azlığı olduğundan tez-tez halsız vəziyyətə düşür: “Bunu da Bəxtiyar bildiyi üçün evdə çox az hallarda iş görürdüm. Sentyabrın 16-da axşam saatlarında mətbəxdə iş gördükdən sonra pəncərəni təmizləmək üçün pəncərənin qarşısına çıxdım. Bəxtiyar isə otaqda divanda uzanmışdı. Mətbəxin pəncərəsini silən anda özümdən asılı olmadan başım hərləndi və müvazinətimi saxlaya bilmədim, pəncərədən yıxıldım.

Evin pəncərəsindən yerə yıxıldıqda belimdən ağrı hiss etdim. Bel fəqərəm bərk əzildi, həmçinin sol əlimin 5-ci barmağı sındı. Bu vaxtı qışqırıq səsimə Bəxtiyar həyətə gəldi, məni qucağına aldı, evə gətirdi. Həmin vaxt həyətdə olan tanımadığım adamlar bunu gördülər və bir qədər sonra polis əməkdaşları evə gəldi, Təcili Tibbi Yardım çağıraraq məni xəstəxanaya apardılar”.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb.

Hakim hökm qəbul edən zaman zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını nəzərə alınıb.

Bu səbəbdən Bəxtiyarın barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.