Məleykə Əsədova ağladı: "İmkanlı şəxsdən sevə-sevə ayrıldım, indi..." - Video

16 Noyabr 2021 13:36 (UTC+04:00)

Xalq artisti Məleykə Əsədova ARB televiziyasında şəxsi həyatı haqqında etirafları ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, aktrisa efirdə göz yaşlarını saxlaya bilməyib.

"Bu aralar bir az həssasam. Həmişə deyirdim ki, hər şey səhnəmə, sənətimə qurban! Mən nələri qurban verdim, amma bu gün hüzur axtarıram ki, rahat oturum, məndən danışmasınlar. İstəyirəm ki, məni tamamilə unutsunlar. Sənətim haqqında ikinci bir insan söz deyə bilməz. Sənətimə, obrazıma toxunanda mənə pis təsir edir.

Bilirsiniz ki, nəyə təəssüfləndim? Dediniz ki, ailə qurmamısınız... Şəxsi həyatımı sənətə qurban verdim. Hətta illər əvvəl sənətimi atsaydım, çox imkanlı evin xanımı olaraq yaşayardım. Qızımı da bu gün çətinliklə yox, çox rahat böyüdərdim. Rahat, əsəblərim yerində sakit xanım olardım. Canımı, həyatımı səhnəmə qurban verdim. Haqqımda mənasız sözlər danışırlar. Kimə cavab verəsən?! Mənim səviyyəm deyil səviyyəsizlərə cavab vermək. Həmişə var olandan aşağıda olan danışar.

Görmüsünüz ki, mən kiməsə söz atam, kimdənsə danışım?! Xeyr. Öz işimlə məşğulam. Həyatda qarşımda o qədər gözəl şanslar çıxıb ki, zəngin insanla ailə qura bilərdim. Sevdiyim insanı da səhnəmə qurban verdim. İndi fikirləşirəm ki, bilsəydim bu qədər hadisələr olacaq, səhnəni qoyub gedərdim.

Dedim, səhnədən kənarda qalsam, susuz balıq kimi olaram. Hər şeyimi qurban verdim, amma bu gün tək qadınam... Bu gün evin həm kişisi, həm qadını, həm də köməkçisiyəm. Gül kimi uşaq böyüdürəm, onun təlim-tərbiyəsini, savadını məktəbdən soruşun. Qızımı tək böyüdürəm, heç bir dəstəyim yoxdur. Atası tərəfdən də dəstəyim olmayıb.

Allah mənim özümə güc versin. Mən son günlər insanlardan çox qorxuram. Sevgim illərlə davam edib. Azərbaycanlı idi, başqa ölkədə yaşamalı idik. Çox imkanlı bir insan idi. Ondan sevə-sevə ayrıldım. Və başqası ilə ailə qurdum. Bu günümə şükür. Həyatda hər nə olursa, deyirəm ki, buna da şükür. Gülərim var".