Danışıqlarda razılaşma əldə olunmadı – Vasitəçiliyi Rusiya etmişdi

18 Noyabr 2021 09:48 (UTC+04:00)

Bəşər Əsəd rejiminin nümayəndələri Qamışlı hava limanında Rusiyanın vasitəçiliyi ilə yenidən YPG/PKK terrorçuları ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə YPG/PKK liderləri İlham Əhməd və Eldər Xəlil, rejimin təhlükəsizlik strukturlarının rəsmiləri və bəzi rus hərbçiləri iştirak edib.

Terror təşkilatının işğal etdiyi ərazilərdən çıxarılan neftin böyük hissəsini tələb edən rejim, eyni zamanda, YPG/PKK-nın bütün ünsürlərinin və SDQ-nin orduya qatılmasını istəyir.

Danışıqlar zamanı rejim heyəti YPG/PKK-nın işğal etdiyi bölgələrə rejim qüvvələrinin ağır silahları ilə girməsinə icazə verilməsini, sözügedən ərazilərdə Suriya bayrağının asılmasını, dövlət qurumlarının yenidən açılmasını tələb edib.

Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlarda dövlət qurumlarının yenidən açılması şərtini qəbul edən YPG/PKK neftin yalnız bir hissəsini rejimlə bölüşməyə razılıq verib. Amma Əsəd rejiminin etirazına baxmayaraq, YPG muxtariyyət tələbindən geri addım atmayıb.

Oktyabrın sonunda Türkiyənin lazım gələcəyi təqdirdə, Suriyadakı terror təşkilatlarına qarşı əməliyyatlara başlaya biləcəyini açıqlamasından sonra danışıqlar sürətlənib.