Proseslərin normal getməsini istəməyənlər var, erməni tərəfi də... - Müsahibə

26 Noyabr 2021 13:26 (UTC+04:00)

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Asim müəllim, Ermənistandakı gərgin ictimai-siyasi proseslərin mümkün danışıqlara təsiri nə dərəcədədir?

- Ermənistanda vəziyyətin gərginliyinin müddəti məlum deyil. Erməni xalqı hətta məğlubiyyətdən sonra Nikol Paşinyana yenidən etimad göstərib. Bu onu göstərir ki, Ermənistanda müharibədən beziblər. Onların istəyi normal bir dövlətin yaranması arzusudur.

- Erməni tərəfdə revanşizm arzulayanlar da az deyil ancaq...

- Ermənistanın normal dövlətə çevrilməsi üçün 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın prinsipləri icra olunmalıdır. Eyni zamanda Ermənistan Azərbaycan və qardaş Türkiyəyə qarşı ərazi iddialarına son qoymalıdır. Bununla yanaşı erməni dövləti qonşularla normal siyasət formalaşdırmağa çalışmalıdır.

- Sizcə, Ermənistan üzərinə götürdüyü öhdəliklərə nə dərəcədə əməl edəcək?

- Gözlənilən odur ki, Ermənistan tərəfindən bu cür zəruri addımlar atılacaq. Bu dövlət öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

- Prosesə pozucu kənar qüvvələrin təsiri nə ilə əlaqəlidir?

- Sözsüz ki, bu proseslərin normal getməsinə pozucu yanaşan qüvvələr var. Bu mənada Fransa və erməni diasporası okeandan, okeana Ermənistan mifi ilə yaşayır. Onlar özləri də dəfələrlə etiraf ediblər ki, Qarabağda və Ermənistanda yaşayan erməniləri bu məsələlərdə qurban verməyə hazırdır. Bütün bunlar onların öz “idealarının” icrasının reallaşması üçün edilən cəhdlərdir.

- II Qarabağ müharibəsində sanki Fransanın özü məğlub olubmuş kimi davranması necə izah oluna bilər?

- Bu məsələlərin əsas qaynağı Fransada olan zəngin, təşkilatlanmış erməni diasporasıdır. Məhz erməni diasporasının fəaliyyəti sayəsində fransız siyasətçilər də onların istək və arzularının ifadəçisinə çevriliblər. Eyni zamanda başqa bir səbəb Fransada olan siyasi korrupsiyadır. Seçkiqabağı zəngin erməni icması müvafiq olaraq onlarla bağlı olan siyasətçilərlə əlaqə qurub bu cür tələblər ortaya atır. Məsələ bu qədər sadədir.