Aşqabad sənədində Azərbaycanın maraqlarına uyğun müddəalar əks olunur – Şərh

29 Noyabr 2021 12:15 (UTC+04:00)

Azərbaycan İqtisadi Əməkdaşlıq fəal üzvü olaraq təşkilatın daha geniş platformada inkişafında mühüm rol oynayır. Ölkəmiz həmçinin həm bu platformalarda, həm də Qoşulmama Hərəkatı çərçivəsində üzv dövlətlərlə səmərəli əməkdaşlıq qurub. Azərbaycanın təmsil olunduğu bütün platformalarda qarşıda duran mühüm vəzifələrin həllinə dair təşəbbüslərlə çıxış edib, eyni zamanda qlobal miqyasda mühüm addımların atılması, çevik idarəetmə və qərarların qəbulundə vacib rol oynayıb.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O qeyd edib ki, İƏT-ə sədrliyin Türkmənistandan Özbəkistana keçməsi Azərbaycanın bu ölkələrlə yaxın dostluğu əlaqələrin inkişafında mühüm önəm kəsb edir: “Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi 2002-ci ildə İstanbulda keçirilmiş İƏT üzv ölkələrinin dövlət və hökumət başçılarının 7-ci Zirvə Görüşündə İƏT-in Tədqiqat Mərkəzinin Bakıda yaradılması təklifi ilə çıxış edib. 2006-cı ildə İƏT-in Bakıda keçirilmiş 9-cu Zirvə Görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən təkrar irəli sürülüb. 2021-ci ilin mart ayında İƏT-in Türkiyənin sədrliyi ilə video-konfrans vasitəsilə keçirilmiş 14-cü Zirvə Görüşündə Mərkəzin nizamnaməsi imzalanıb. Azərbaycanın təşəbbüsü ilə yaradılan İƏT-in Tədqiqat Mərkəzinin əsas məqsədi iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün və üzv ölkələrə yardım etməkdən ibarətdir”.

Millət vəkilinə görə, Soçi görüşündən sonra Prezident İlham Əliyevin İƏT tribunasından da Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsini bəyan etməsinin əhəmiyyəti olduqca böyükdür: “Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. İƏT-ə üzv ölkələrin də bu dəhlizdən böyük fayda götürmək imkanları olduqca genişdir. Bu amil Azərbaycanın son illər faktiki olaraq Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini bir daha təsdiqləmiş olur”.

Cavid Osmanova görə, Zəngəzur dəhlizinin reallaşması regionun nəqliyyat sektorunda yeni imkanlar açacaq: “Ərazilərin azad olunmasından dərhal sonra Azərbaycan bu torpaqlarda genişmiqyaslı yenidənqurma işlərinə başlayıb. Ölkəmiz yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır. Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji bölgələri formalaşdırılır. Məhz Prezident İlham Əliyevin İƏT-də qurucu lider kimi tanınması xüsusi ilə diqqətə layiq görülüb. Zirvə Görüşündə qəbul edilmiş Aşqabad sənədində Azərbaycanın maraqlarına uyğun müddəalar öz əksini tapıb”.