Helikopter qəzasında şəhid olan "İşçi Nəbiyev”: İlk və yeganə azərbaycanlıdır ki...

1 Dekabr 2021 11:40 (UTC+04:00)

Ötən gün baş verən helikopter qəzası zamanı şəhid olan hərbçilərimizdən biri də rəsmi siyahıda adı "İşçi Nəbiyev” kimi qeyd olunan polkovnik Elçin Fikrət oğlu Nəbiyevdir.

Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, təqaüddə olan polkovnik Elçin Nəbiyev Rail Rzayevin (2009-cu ildə qətlə yetirilib - red.) kadrı olub:

"Azərbaycanın baş şturmanı, "naviqasiyanın atası", HHMQ və HHQ Baş Qərargah rəisi işləyib. İlk və yeganə azərbaycanlıdır ki, SSRİ zamanında MiQ-31 qırıcı təyyarəsində uçuşlar həyata keçirib. Könüllü olaraq Azərbaycan Ordusuna döndükdən sonra (Birinci Qarabağ müharibəsi zamanı) ön cəbhədə düşmənin koordinatlarını və atəş nöqtələrini artilleriya və aviasiyaya ötürüb. Sonralar Mİ-24 və Mİ-8 helikopterinə şturman kimi keçid alıb. 44 günlük İkinci Qarabağ müharibəsində uğurlu əməliyyatların hazırlanmasının müəlliflərindən, ön cəbhədə məxfi qərargahda birbaşa iştirakı olan Azərbaycanın gizli qəhramanlarından biridir".