"MTN-ə pul aparanda qorxduq yolda əlimizdən alıb qaçalar..." - Şok faktlar

2 Dekabr 2021 10:09 (UTC+04:00)

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan sonuncu prosesə jurnalistlər buraxılmayıb.

Əldə etdiyimiz məlumata görə, prosesdə hakim Elbəy Allahverdiyevlə zərərçəkmişlərdən bir Nizami Kazımovun vəkili Elçin Sadıqovun arasında mübahisə yaranıb.

Hakim Elçin Sadıqovdan və digər vəkillərdən çox kobud şəkildə telefonlarının nəzarətçilərə təhvil verilməsini tələb edib.

Buna görə də məhkəmə iclasında mübahisə yaranıb.

Daha sonra iclasda zərərçəkmiş “Kapital bank”ın “Tərəqqi” filialının müdiri olmuş Hüseyn Səfərovun epizodu üzrə şahidlər ifadə verib.

İttihama görə, MTN-də girov saxlanılmaqla Hüseyn Səfərovdan 2 milyon dollar alınıb.

Prosesdə ilkin olaraq Hüseyn Səfərovun övladları, yaxın qohumları dindirilib. Hüseyn Səfərovun övladları bildiriblər ki, ataları 2008-ci ilin oktyabrında MTN-ə aparılıb.

Orada 67 gün “Meşə qardaşları” dəstəsi üzvlərinin yanında girov saxlanılıb. Həmin müddət ərzində onlardan atalarının azad edilməsi üçün 3 milyon dollar tələb olunub. Sonda qohum-qardaşdan topladıqları və özlərinin əmlaklarının satışından əldə etdikləri 1 milyon 650 min dolları Hüseyn Səfərovun oğlu Rüstəm Səfərov apararaq MTN-in yaxınlığında Vüsal Ələkbərova verib.

Bundan sonra ataları girovluqdan azad olunub. Hüseyn Səfərov azad edildikdən sonra evini sataraq yerdə qalan 350 min dolları da oğlu Rüstəmlə bərəbər apararaq Mövlam Şıxəliyevə çatdırıblar. Pulu onlardan MTN binası yanında Vüsal Ələkbərov alaraq binaya aparıb.

Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov Hüseyn Səfərovun qızına atasının nədə ittiham edilməsi ilə bağlı sual verib. Şahid deyib ki, bu haqda onlara vəkilləri məlumat verib: “Vəkil gülə-gülə dedi ki, atanızı dələduzqluqda ittiham edirlər. Mən hüquqşünasam. Vəkilin gülməyinin səbəbini də anlayırdım. Çünki dələduzluq cinayətinin araşdırılması qanunla MTN-in səlahiyyətlərinə aid deyildi. MTN faktiki olaraq polisin səlahiyyətlərini mənimsəməklə atama qarşı qondarma, saxta ittiham irəli sürmüşdü. Hamı bilirdi ki, atamı bizdən pul qoparmaq üçün girov götürüblər”.

Vəkili digər sualı MTN-ə aparılan pulların hansı əsginaslarda olması ilə bağlı olub.

Hüseyn Səfərovun oğlu suala cavab olaraq deyib ki, Vüsal Ələkbərova verdiyi 1 milyon 650 min dollar əsasən 100-lük əsginaslardan ibarət olub.

Mövlam Şıxəliyevin digər vəkili də Hüseyn Səfərovun övladlarına bir neçə sual verib.

Vəkillərin verdiyi suallar zərərçəkənlərin və onların yaxınlarının etirazı ilə qarşılanıb. Onlar vəkilləri işin mahiyyətindən kənar, mənasız suallar verməkdə ittiham ediblər.

Məhkəmə prosesi zamanı üzə çıxıb ki, Vüsal Ələkbərov Mövlam Şıxəliyevin göstərişi ilə Hüseyn Səfərovun ailə üzvlərini hamısını bir yerdə MTN-ə çağırtdırıb. Onların hər birindən tələb edib ki, “Texnikabank”da adlarına olan hesablardakı pullardan imtina etmələri haqda ərizə yazsınlar.

Ərizədə pullarından könüllü şəkildə imtina etdikərini qeyd etsinlər. Sonradan həmin pullar Eldar Mahhmudovun yaxın dostu Çingiz Əsədullayevin rəhbərlik etdiyi “Azəriqazbank”a köçürülüb.

Məhkəmədə həmçinin məlum olub ki, pulların bir hissəsi depozit hesablardan nağd şəkildə çıxarılıb.

Məhkəmə zamanı şahid Zaməddin Məmmədov dindirilərkən yeni hal müəyyən edilib.

Məlum oldu ki, Hüseyn Səfərovun oğlu 1 milyon 650 min dollar pulu MTN-ə apararkən digər bir maşınla onu Zaməddin Məmmədov müşayiət edib.

Şahid bildirib ki, Rüstəm Səfərovun əlindəki pul dolu çantanı alıb qaçma ehtimalını nəzərdən keçiriblər. Bu ehtimalı aradan qaldırmaq üçün Rüstəm Səfərov pulu Vüsal Ələkbərova təhvil verənə qədər gizli şəkildə müşayiət edib.

Şahid bildirib ki, Rüstəm Səfərov pul dolu çantanı məhkəmə zalında əyləşən Vüsal Ələkbərova oxşayan şəxsə təhvil verib. Həmin şəxs pul dolu çantanı alandan sonra MTN binasına tərəf gedib və binaya daxil olub.

Şahid deyib ki, həmin şəxs MTN binasına daxil olandan sonra o, Rüstəm Səfərovun yanına qayıdıb.

Növbəti şahid “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili olub. O, sərbəst ifadəsində bildirib ki, 2009-cu ildə Hüseyn Səfərov həbsdən azad ediləndən sonra onun yanına gəlib və MTN-də başına açdıqları oyunlar haqda danışıb.

Asif Mərzili Hüseyn Səfərovun başına gələnlərlə bağlı qəzetdə yazılar yazıb və həmin yazılarla bağlı onu MTN-ə çağırılaraq hədələnib.

Növbəti proses dekabrın 7-də davam edəcək.

İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərərçəkiblər.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.