Merkel məni əsəbiləşdirirdi... – Yunker

4 Dekabr 2021 19:26 (UTC+04:00)

Avropa Komissiyasının keçmiş sədri Jan-Klod Yunker vəzifəsi ilə vidalaşan Almaniya kansleri Angela Merkelin onu ən çox əsəbiləşdirən cəhətindən danışıb.

Teleqraf.com xəbər verir ki, siyasətçi bu barədə “Die Welt” qəzetinə müsahibəsində söz açıb.

“Mən onu Avropanın problemlərinə görə günahlandırmıram, amma bəzən məni əsəbiləşdirirdi ki, o, bu gün baş verənləri anlamaq üçün bu qədər vaxta ehtiyac duyur”, - Avropa Komissiyasının keçmiş rəhbəri 2015-ci ildə miqrasiya böhranının ən yüksək gərginlik həddinə istinad edərək izah edib.

Yunker eyni zamanda, Merkelin doğru zamanda doğru yerdə olduğuna əminliyini də vurğulayıb.

Yunker darıxacağını da etiraf edib, çünki onun sözlərinə görə, Merkel hər kəsi dinləmək və eyni dərəcədə diqqət yetirmək qabiliyyətinə sahibdir. Bundan əlavə, onun heç vaxt ümumi fondan seçilməyə çalışmadığını söyləyib.

Merkel dekabrın 8-də xələfi Olaf Şolz seçildikdən sonra Almaniya kansleri vəzifəsindən gedəcək.