Kəşfiyyat işğal planının xəritəsini yaydı - Rusiya 175 minlik ordu ilə hücum edəcək

4 Dekabr 2021 18:06 (UTC+04:00)

ABŞ kəşfiyyatı Rusiyanın Ukraynaya 175 minlik orduyla hücuma hazırlaşdığını açıqlayıb. Bildirilib ki, Ukrayna sərhədinə də 50 taktiki bölmə yerləşdirilib, yazdan bu yana yığılma iki dəfə artıb.

Teleqraf.com xəbər verir ki, Amerika kəşfiyyatının “Vaşinqton Post” qəzetinə sızdırdığı sənəddə Rusiya ordusunun gələn ilin əvvəlindən etibarən Ukraynaya müxtəlif cəbhələrdən hücuma keçəcəyi iddia edilib.

Rus qüvvələrinin tutacaqları mövqelərinin yer aldığı sənəddə Rusiyanın 175 minlik qüvvəsi ilə Ukraynanı işğal etməyə cəhd edəcəyi deyilib.

Sənəddə iddia olunur ki, yeni artilleriya və atıcı texnikalarla yanaşı, 50 taktiki bölmə Rusiya tərəfindən Ukrayna sərhədinə yaxın bir neçə nöqtəyə yerləşdirilib.

Ukrayna Rusiyanın sərhədə 94 min hərbçi yerləşdirdiyini iddia edərkən, ABŞ kəşfiyyatının sənədi taktiki batalyonlardakı hərbçilərin ümumi sayının 70 min civarında olduğunu, yaxın gələcəkdə bu rəqəmin 175 minə çatacağını və Moskvadanın intensiv şəkildə bölgəyə hərbi qüvvələr göndərdiyi bildirilib.

Kəşfiyyat sənədində Rusiyanın bu addımı “işğala hazırlıq” adlandırılıb, rus ordusunun işğalı sürətləndirmək üçün digər addımları atacağı iddia edilib.

“Vaşinqton Post”a açıqlama verən bir dövlət rəsmisi bildirib ki, hazırda Rusiyanın bölgədəki hərbi qüvvələrinin sayı yazdakından iki dəfə çoxdur.