“Nazirlər NATO-nun iclasında məndən soruşdular ki...” - Çavuşoğlu

4 Dekabr 2021 15:56 (UTC+04:00)

“İxracatda rekordlar qırırıq. Bu il müdafiə sənayesində ixracatın həcmi 2.8 milyard dollara çatıb”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir dünya ölkələri arasında Türkiyənin müdafiə sənayesi məhsullarına, xüsusən də pilotsuz uçan aparatlarına maraq göstərənlərin sayının artdığını bildirib.

Çavuşoğlu türk dronlarının müharibə ədəbiyyatında yeni paradiqma dəyişikliyi yaratdığını söyləyib:

“Biz Türkiyə olaraq buna mühüm töhfə veririk. Bunda aparıcı rol oynayırıq. NATO və ATƏT-in son iclaslarında bir çox xarici işlər naziri məndən “Niyə bu məsələdə bu qədər uğurlusunuz?” deyə soruşdu. Dedim ki, bizim investorlarımız, mühəndislərimiz və elm adamlarımız çox ağıllıdırlar. Məsələn, Polşa kimi bir NATO və Avropa Birliyi üzvü olan ölkənin ilk dəfə bu məhsulları öz inventarına daxil etməsi çox vacibdir.

Hazırda bir çox AB və NATO üzvü olan ölkələr bu məhsullarla maraqlanır. Bu mənada bir çox ölkələrlə təmaslarımızı davam etdiririk. Bu gün bölgəmizdə davamlı sülh üçün fürsət pəncərələri açılırsa, meydanda balans əldə olunarsa, bu yöndə Türkiyənin müdafiə sənayesi məhsullarının oynadığı rol göz qabağındadır”.