Gecə anasını və bacısını öldürən gənc: "Uşağını qucağından alıb..." – Şok təfərrüat

8 Dekabr 2021 09:49 (UTC+04:00)

Bərdə rayonunda 1996-cı il təvəllüdlü Toğrul Zeynallı qısqanclıq zəminində anası Nəzirə Zeynalova və bacısı Əminə Zeynallını qətlə yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Toğrul 2020-ci il iyulun 1-də gecə saat 3 radələrində Bərdə rayonu Alaçadırlı kəndi ərazisində yerləşən evdə onunla birlikdə yaşayan anası Nəzirə və bacısı Əminəni yüngül həyat tərzi keçirmələrindən şübhələnib və sonra hər iki şəxsi öldürmək qərarına gəlib.

Toğrul atasına məxsus ov tüfəngi ilə yaşadığı evə gəlib, qonaq otağında divana uzanmış anası ilə bir qədər söhbət edib. Daha sonra qəflətən Nəzirənin baş nahiyəsinə atəş açaraq onu öldürüb. Əminəni öldürmək məqsədilə evin yataq otağına keçib. Əminə silahın səsini eşidərək özünü qurtarmaq üçün evdən çıxıb və qeyri-müəyyən istiqamətdə 200 metrə yaxın qaçmasına baxmayaraq arxasınca gələn qardaşı onu Kələntərli-Muğanlı avtomobil yolunun Bərdə şəhəri istiqamətində asfalt-beton yolda yaxalayıb.

Toğrul həmin yerdə Əminənin baş nahiyəsindən atəş açaraq onu qətlə yetirib. İstintaq orqanı tərəfindən onun narkotik vasitə hesab olunan cətənə kolları yetişdirməsi üzə çıxıb. Həmin narkotik vasitənin kolları qətl hadisəsi törədildikdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkar olunub.

“Atam anamla yola getmədi”

Toğrulun barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 237.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Toğrul ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, anası, qardaşı Tural, bacısı Əminə, qardaşının ailəsi ilə birlikdə Bərdə rayonunun Alaçadırlı kəndində yaşayıb:

“Anam təxminən üç il əvvəl atamdan boşanıb. Onların boşanmalarına səbəb bir ailə kimi yola getməmələri olub. Atam və anam boşandıqdan sonra atam Musa rayonda “İstisu” deyilən ərazidə tək yaşamağa başladı və avtomobil təmiri ilə məşğul olaraq özünü dolandırdı. Mən də atama kömək etməklə özümü dolandırmışam”.

“Anamdan harada olduğunu soruşdum”

Toğrulun sözlərinə görə, anası Nəzirə Bərdə-Yevlax yolunun kənarında yerləşən istixanada pomidor yığılması işi ilə məşğul olub: “Uzun müddət narkotik vasitə olan marixuanadan istifadə etmişəm. Hadisədən bir neçə gün əvvəl yaşadığım evə getmədim. Bunun səbəbi anamın və bacımın əxlaqsız həyat keçirməsinə dair eşitdiyim söz-söhbətlər oldu. Yaşadığım evə getməsəm də, günün müxtəlif saatlarında kənarda gizlənərək yaşadığım evi izlədim, evə kimlərin gəlib-getməsi ilə maraqlandım.

Bu vaxtlarda anamın axşam saatlarında tanımadığım kişi ilə “Mersedes” markalı avtomobilə əyləşərək çıxıb getdiyini gördüm. Anamın getdiyi avtomobilin arxasınca düşdüm, onu izləmək istəsəm də, həmin avtomobil surətlə hərəkət etdiyindən izi itirdim. Buna görə də anamın evə qayıtmasını gözləmədən işlədiyim sexə qayıtdım.

Gecə saatlarında evə gəldim, anamla söhbət etdim. Həmin gün anamdan harada olduğunu soruşdum. Gün ərzində bazara və gözəllik salonuna getdiyini bildirdi”.

“Telefonda şəkillər gördüm”

Toğrul qeyd edib ki, anası avtomobilə getməsini etiraf etməyib: “Bu səbəbdən anama qarşı şübhələrim daha da artdı. Anam avtomobilə yaşadığımız evin yaxınlığından deyil, Bərdə şəhəri ərazisində “Çinar” restoranının yanında əyləşdiyi üçün bu məni daha da şübhələndirdi. Bundan sonra anamı və bacımı izləməyə davam etdim.

Hadisənin baş verməsindən təxminən yeddi gün əvvəl yaşadığımız evdə heç kim olmadığı zaman evə daxil oldum, evdə mobil telefon axtarmağa başladım. Bacımın yatdığı otaqdakı çarpayının altında “Samsung” markalı mobil telefon gördüm. Əvvəldən qardaşımın qızından öyrəndiyim kod vasitəsilə telefonu açdım, “qalereya” menyusuna daxil oldum və bacımın mənə məlum olmayan avtomobilin içərisində tanımadığım şəxslə qucaqlaşmış vəziyyətdə çəkilmiş şəklini gördüm”.

“Anamın və bacımın əxlaqsız həyat tərzi keçirməsinə əmin oldum”

Toğrul bildirib ki, bundan başqa mobil telefonda tanımadığı daha iki nəfər kişi şəkli də olub: “Vaxtım az olduğundan mobil telefonu götürdüyüm yerə qoydum. Artıq anamın və bacımın əxlaqsız həyat tərzi keçirməsinə əmin oldum. Onları hər hansı şəxslə birlikdə tutmaq üçün izləməyi davam etdim.

Növbəti günlərdə başqa heç bir şübhəli məqam aşkarlamadım. Ancaq anamın və bacımın həyatda olmasını özüm üçün vicdan əzabı hesab etdim. Bu səbəbdən hadisədən üç gün əvvəl onları öldürmək qərarına gəldim”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisə baş verməzdən iki gün əvvəl ov etmək istəyib: “Bu səbəbdən atam Musaya babamdan yadigar qalan tüfəngi götürmək istədim. Buna görə atamın işlədiyi Alçadırlı kəndində yerləşən sexə getdim. Atama ov etmək istədiyimi deyərək tüfəngi mənə verməsini xahiş etdim. Həmin vaxt bizim yanımızda başqa heç kim olmayıb.

Atam mənimlə razılaşdı və axşam atamın yaşadığı “İstisu” deyilən əraziyə getdim, tüfəngi atamdan təhvil aldım. Tüfəngi atmaq üçün patron olmadığından ertəsi gün Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən “Ovçular” mağazasına getdim, ov tüfəngi üçün üç patron aldım”.

“Anamı və bacımı öldürməyin düzgün yol olmadığını söylədi”

Toğrulun sözlərinə görə, həmin gün tək Bərdə rayonu ərazisində yerləşən “Kürün qırağı” deyilən yerə ov etməyə gedib: “Ov edən zaman patronların hər üçünü istifadə etsəm də, heç bir heyvan və quş ovlaya bilmədim. Ovdan qayıtdıqdan sonra gizli şəkildə yaşadığımız evə getdim, heç kimin məni görmədiyinə əmin oldum. Evdə tüfəngi gizlətdim. Sonra işlədiyim Bərdə şəhəri Sənaye küçəsində yerləşən sexə yollandım, istifadəmdə olan mobil nömrədən qardaşım Turala zəng vurub onu yanıma çağırdım.

Təxminən 10 dəqiqə sonra Tural yanıma gəldi. Söhbət zamanı qardaşıma anamın və bacımın əxlaqız həyat tərzi keçirmələrinə əmin olduğumu, bacımın istifadə etdiyi mobil telefonda tanımadığım şəxslə şəklini gördüyümü, bu səbəbdən hər ikisini öldürməyi qətiləşdirdiyimi dedim.

Tural mənə səhv düşündüyümü, anamı və bacımı öldürməyin düzgün yol olmadığını söylədi. Turala qərarımın qəti olmasını dedim. Sonra qardaşım mənə anamı və bacımı öldürməyə imkan verməyəcəyini bildirdi. Bu söhbətdən sonra Tural oradan getdi. Özüm isə sexdən çıxdım, yenidən “Ovçular” mağazasına gedib daha iki patron aldım”.

“Maşın ya anam, ya da bacım üçün gəlmişdi...”

Toğrulun ifadəsinə görə, patronları aldıqdan sonra sexə qayıdıb və gecə düşməsini gözləyib: “Saat 03.30-da anamı və bacımı ödürmək üçün yaşadığımız evə getdim. Evə çatdıqda “VAZ-21099” markalı avtomobilin bizim yaşadığımız küçədən çıxdığını gördüm və bir daha həmin avtomobilin ya anam, ya da bacım üçün gəldiyinə əmin oldum. Bu səbəbdən də anamı və bacımı öldümək fikrimi daha da qətiləşdirdim.

Tüfəngi gizlətdiyim yerdən götürmək üçün evin daxalına endim. Tüfəng təklülə olduğundan aldığım patronlardan birini silahın içərisinə daxil etməklə atəş açmaq üçün onu hazır vəziyyətə gətirdim, sonra evə daxil oldum. Evin giriş qapısının kilidi xarab olduğundan asanlıqla evə girdim. Həmin vaxt evdə işıqlar yanmırdı və ətrafda heç kim yox idi.

Dəhlizdən sağ tərəfə, anamın yatdığı qonaq otağına keçdim. Bu zaman anamın divanda uzandığını gördüm. Otaq qaranlıq, anamsa oyaq idi. Ondan nə etdiyini soruşdum, yatdığını bildirdi”.

Toğrul ifadəsində göstərib ki, anasından nə üçün əxlaqsızlıq etdiyini soruşub: “Anam mənə təmiz olduğunu söylədi, öz işimlə məşğul olmağı məsləhət bildi. Otaq qaranlıq olduğundan anam əlimdəki tüfəngi görmürdü. Daha sonra mənə “nə edirəmsə, yaxşı edirəm” dedi. Mən də bu sözə heç cür dözmədim, əlimdəki tüfəngi anamın başına dirəyərək atəş açdım. Ancaq silahın lüləsi anamın başına tam şəkildə dirənmədi. Anamın başından ətrafa qan səpələndi.

Anamın tam hərəkətsiz qalması səbəbindən onun öldüyünü görüb, otaqdan çıxdım. Tüfəngin içərisində olan gilizi çıxardım, dəhlizə atdım. Digər patronu tüfəngin içərisinə daxil etdim. Atəş açdıqdan sonra hələ də evdə heç kim oyanmamışdı.

Silahı növbəti dəfə atəşə hazır vəziyyətə gətirdikdən sonra evdə olan döşəyin arasında gizlətdim”.

“Uşağı bacımdan aldım”

Toğrul qeyd edib ki, daha sonra bacısı Əminənin yatdığı otağının qapısını döyüb: “Əminə qapını açmadı. Buna görə qapının pəncərəsinin şüşəsini sındırdım, qapını əlimlə içəri tərəfdən açdım. Qapını açarkən bacım ayağa qalxdı. Əynində alt paltarları vardı. Şalvar və qısaqol köynək geyindi. Əminə otağın işığını yandırdığından ətraf tam aydın göründü. Bacımdan başqa onun üç yaşlı qızı da otaqda idi. Əminə qızını qucağına aldı, otaqdan çıxmaq istədi. Bacıma uşağı yerinə qoymağı bildirdim. O, nə etmək istədiyimi bildiyini dedi. Ancaq həmin vaxt bacım mənim tüfənglə anamı öldürməyimdən xəbərsiz idi.

Əminənin otaqdan çıxmadığını gördüm, uşağını qucağından alaraq çarpayının üzərinə qoydum”.

“Bacım dedi, bilirəm nə edəcəksən...”

Toğrulun sözlərinə görə, Əminəyə qonaq otağına gəlməyi tapşırıb: “Əminə mənimlə razılaşdı, qonaq otağına daxil oldu. Biz otağa daxil olduqdan sonra Əminə işığı yandırıb, anama doğru getdi. Əminəyə dedim ki, anamdan aralı dayan, onu öldürmüşəm. O, anama doğru getdiyi vaxt tüfəngi çarpayının altından götürdüm.

Əminə anamın artıq öldüyünü görərək geri dönəndə əlimdə tüfəng gördü və artıq onu öldürəcəyimi başa düşdü, qaçmağa başladı. Əlimdəki tüfəng onun arxasınca qaçdım. Əminə evin giriş qapısından sol tərəfə burularaq yola doğru hərəkət etdi. Onu təqib etməyə, arxadan yaxalamağa çalışdım.

Əminə asfalt yola çıxdıqdan sonra küçənin başındakı sağ istiqamətə döngəyə döndü. Mən də həmin döngəyə daxil oldum. Əminəyə tam yaxınlaşdıqdan sonra atəş açacağımı dedim. Buna görə qorxusundan dayandı. Əminəni yolun sol tərəfində olan dəmir darvazaya dirədim, heç bir söz demədən əlimdəki tüfəngdən baş nahiyəsinə atəş açdım”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bu zaman ətraf tam aydınlaşmayıb, hava alaqaranlıq vəziyyətdə olub: “Atəşdən sonra Əminə üzü üstdə yerə yıxıldı və tam hərəkətsiz qaldı. Mən hadisə yerindən uzaqlaşdım.

Tüfəngin içərisində olan gilizi çıxararaq atdım. Küçənin başında qardaşım Turalla qarşılaşdım. Əlimdə tüfəng vardı, artıq özümdə olmadığımdan Turalın yanından keçdim, xalam Rahilənin yaxınlıqda olan evinin qapısını döydüm. Qapını heç kim açmadı. Qardaşımın özü də arxamca həmin yerə gəldi”.

“Anamı və bacımı öldürdüyümü dedim”

Toğrul bildirib ki, sonra Bərdə rayonu Alpoud kəndi istiqamətində hərəkət edib və su kanalının yanına çatıb: “Oraya çatdıqdan sonra əlimdəki tüfəngi kanala atdım. Tanımadığım taksiyə əyləşdim, Alaçadırlı kəndində yaşayan, qeyri-rəsmi münasibətdə olduğum Vüsalənin yanına getdim. Vüsaləyə anamı və bacımı tüfənglə öldürdüyümü və təslim olacağımı dedim.

Vüsalənin yaşadığı evdə çay içərkən ayağımda ağrı hiss etdim. Başa düşdüm ki, hadisə vaxtı evin yataq otağının pəncərəsini sındırdıqdan sonra yerə tökülən şüşə qırıntıları ayağımı zədələyib.

Təxminən yarım saat Vüsaləgilin evində oturduqdan sonra kəndin qurtaracağına yollandım. Oradan isə Tərtər rayonu Mamırlı kəndinə getdim. Atam Musaya zəng etdim, anamı və bacımı öldürdüyümü dedim. Atam mənə təslim olmağı təklif etdi. Bu zaman atama artıq Bərdə rayonunu tərk etdiyimi söyləyərək telefon danışığını sonlandırdım. Ertəsi gün Bərdə rayon polis şöbəsinə gələrək təslim oldum”.

Toğrul ifadəsinə əlavə olaraq göstərib ki, uzun müddətdir marixuanadan istifadə etdiyindən təxminən 2020-ci ilin mayın əvvəllərində Vüsalənin yaşadığı evin həyətyanı sahəsində, Vüsalədən və anası Fizzədən xəbərsiz olaraq 7 ədəd çətənə kolu əkib, həmin yerdə çətənə kolu əkməsi barədə özündən başqa heç kimin xəbəri olmayıb. O, həmin çətənə kollarına həftədə bir dəfə su verməklə qulluq göstərdiyini söyləyib.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Toğrul 20 il müddətinə azadlıqdan məhrum edilib.

Toğrul ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanın ilk 4 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib.