"Azəriqaz” rəhbərliyi Gəncə sahibkarları ilə görüşəcək

7 Dekabr 2021 13:20 (UTC+04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Gəncədə təşkil olunacaq.

Qurumdan Teleqraf.com-a verilən məlumata görə, "Azəriqaz" İB-nin rəhbər şəxsləri Gəncə şəhəri, Gülüstan qəsəbəsində (14 nömrəli məktəbin yanı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” dekabrın 9-da saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Qeyd edilir ki, “Azəriqaz” ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.