Yüz il əvvəlki məclisin dili

7 Dekabr 2021 20:56 (UTC+04:00)

1918-ci il dekabrın 7-də Azərbaycanda parlamentin açılması ilə millətimizin aydınları yolumuzun hansı istiqamətə olduğunu müəyyənləşdirmiş oldu.

Artıq Çarın istibdad zülmü sona çatmışdı, Azərbaycan məclisi çarlığın əsas xalqına öz çətiri altında söz haqqı da tanımışdı. Eləcə də ölkədə yaşayan bütün qeyri-azlıqlar, ozamankı dil ilə desək əqəliyyətlər parlamentdə öz düşüncələrini azad şəkildə söyləyəcəkdilər.

Azərbaycan parlamenti hər baxımdan zəngin idi. Müxtəlif partiyalar, fraksiyalar, bitərəflər yerlərini almışdılar, Qarabağa iddiaları olduqları halda ölkə ərazisində yaşayan ermənilərə də yer ayrılmışdı. Çünki Azərbaycan Milli Şurasının Azərbaycan Parlamentinin açılması ilə bağlı qəbul etdiyi qanuna görə, 120 nəfərdən ibarət olacaq Parlamentə hər 24 min nəfərdən bir deputat hesabı ilə müsəlmanlar 80, ermənilər 21, ruslar 10, almanlar 1, yəhudilər 1 deputat seçəcək, azlıqda qalan millətlərin də nümayəndələri olacaqdı.

Fəaliyyətinin sonunadək müxtəlif əvəzlənmələrlə Məclisi-Məbusanın 100 müsəlman və 28 qeyri-müsəlman olmaqla 128 deputatı olub.

Artıq 1919-cu ilin sonlarına yaxın parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupun təmsilçisi olan 96 deputat vardı. Onların qüvvələr nisbəti aşağıdakı kimi idi: Müsavat və bitərəflər fraksiyası – 38 nəfər, İttihad – 13 nəfər, Əhrar – 6 nəfər, Sosialistlər bloku – 13 nəfər, partiyasızlar – 4 nəfər, müstəqillər – 3 nəfər, Rus-Slavyan Cəmiyyəti fraksiyası – 5 nəfər, erməni fraksiyası – 5 nəfər, Daşnaksutyun fraksiyası – 6 nəfər, azlıqda qalan millətlər fraksiyası – 4 nəfər.

Fəaliyyəti dövründə parlamentin 145 iclası keçirilib. Yetərsay olmayan 15 iclas baş tutmayıb. 17 aylıq ömründə Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb ki, onlardan da 230-a yaxını qəbul edilib. Qəbul edilmişlər arasında vətəndaşlıq, ümumi hərbi mükəlləfiyyət, mətbuat, Milli Bankın yaradılması, Bakı Dövlət Universitetinin yaradılması, gömrük və poçt-teleqraf xidmətinin təkmilləşdirilməsi, məhkəmə qanunvericiliyi və b. haqqında qanunları göstərmək olar.

Parlamentdə 11 komissiya fəaliyyət göstərirdi: maliyyə-büdcə, qanunvericilik təklifləri, Məclisi-Müəssisana (Müəssislər Məclisinə) seçkilər keçirmək üzrə mərkəzi komissiya, mandat, hərbi, aqrar məsələlər, sorğular üzrə, təsərrüfat-sərəncamverici, ölkənin istehsal qüvvələrindən istifadə üzərində nəzarət, redaksiya, fəhlə məsələləri və b. üzrə komissiyalar.

Milli parlamentə qədər azərbaycanlılar müxtəlif vaxtlarda Çar dumasında təmsilçilik haqqı qazanmışdılar, mümkün olan yerə qədər müsəlman və türklərin hüquqlarını müdafiə etmişdilər. Təbii olaraq ozamankı çıxışlar rus dilində idi. Bakıda açılan parlamentdə isə danışıq dili təmsil edilən xalqın dilində olmalı idi. Amma buna baxmayaraq rusca çıxışlar olurdu və buna da etirazlar edilirdi. Bir faktı qeyd edək.

Belə ki, parlamentin 7 avqust 1919 tarixli 63-cü iclasında qeyri-müsəlman məbuslar tərəfindən bir təklif verilib. Məsələ mühüm olduğundan rusca danışılması, yaxud türkcə edilən nitqlərin ruscaya tərcümə edilməsi istənilib. Deputatlardan Mustafa ağa Vəkilov buna etiraz edib. Təklif parlament tərəfindən rədd edilib.

Mustafa ağa fikrini belə əsaslandırıb: “Qətiyyən öylə şey olamaz. Məclisi-Məbusanda rusca nitq söyləmək qanunumuzda yoxdur. Bən başa düşmüyoram, həddindən ziyadə səbirli olduğumuzdanmı, yaxud hər şeyə kəmetinalıq göstərdigimizdəndir ki, bu gün bizim Məclisi-Məbusanımızda bizdən əcnəbi dildə danışmağımızı tələb ediyorlar. Ümummillətlərdə, hər bir dövlətdə qəbul edilmiş və heç vəqt əl vurulmamış olan əsaslardan birisini biz də qəbul etmişik ki, Məclisi-Məbusanda öz dilimizdə danışaq. Bizim dilimiz var. O dildə danışmağa haqqımız var. Və danışmağa qərar vermişik. Qaldı ki, bizim uca səslə bu kürsüdən verilən dərsə də ehtiyacımız yoxdur. Milli hissiyyatımıza nə toxunar, nə toxunmaz onu özümüz yaxşı biliyoruz. Uca səslə demək lazım degildir. Bundan əlavə bu vaqtədək Məclisi-Məbusanda bundan daha böyük, daha mühüm məsələlər müzakirə və həll edilmişdir ki, onlardan da maraqlanmamaq mümkün degil. Bilmiyoram onda nə üçün rusca danşılmayı tələb etmiyor, danışıqları anlamaq istəmiyorlardı. İmdi nə olmuşdur ki, böylə tələblər veriyorlar. Bilmirəm nə cəsarətlə diyorlar ki, öz parlamanınızda özgə dildə danışınız bizi çox səbirlimi, yoxsa o qədər anlamazmı hesab ediyorlar. Böylə təkliflərə heç vaqt əməl etmək olmaz. Burası Azərbaycan Məclisi-Məbusanıdır. Azərbaycanlıların öz dili var, öz məclisində, öz dilini danışmalıdır, bir də böylə təkliflər edilməməlidir. Nitqlərin türkcə irad edilib də ruscaya tarcümə edilməsinə ki, necə bu vəqtədək Parlamanda heç vəqt böylə şey olmamışdır, bundan böylə də olmamalıdır, ola da bilməz”.

Artıq şərhə ehtiyac yoxdur...