Ukraynada Azərbaycan əsilli müğənnidən səs-küylü layihə... - Video

10 Dekabr 2021 13:27 (UTC+04:00)

Ukrayna musiqi dünyasına səs salan Lana Tigrana ləqəbli müğənni-rəqqasə Ruslana Akif qızı Nəsibovanın ifasında “Dəli olma” adlı yeni sinqlın təqdimatı baş tutub.

Teleqraf.com xəbər verir ki, layihənin direktoru və prodüseri Azərbaycanda bir sıra telelayihələrin müəllifi olmuş, hazırda Kiyevdə yaşayan tanınmış prodüser İdris Cəfərovdur.

Lana Tigrana müğənni olmaqla yanaşı, Ukraynada şərq rəqslərinin öyrədicisidir. O, 2017-ci ildə Avstriyada Vyana Balının kraliçası titulunu alıb. Beynəlxalq kateqoriyalı rəqs üzrə məşqçi dərəcəsini alan Lana eyni zamanda Ukrayna Şərq Rəqsi Yarışmasında qalib gəlib. O, həm də bir sıra telelayihələrin qalibi olub. Lana musiqi layihəsinə 3 il əvvəl başlayıb. Yeni layihə-klipdən əvvəl Lana “Şərq” və “Şəfəq” adlı daha iki klipini da yayımlayıb.

Bəstəkar kimi “Azərbaycan” adllı vətənpərvər mövzuda mahnı da yazan müğənni bildirib ki, bu mahnının ərsəyə gəlməsi azərbaycanlı atasına və Azərbaycana sevgisinin tərənnümündən irəli gəlib: "Bu gün mən “Dəli olma” adlı yeni klipimi təqdim edirəm. Bu klip böyük bir hadisə ilə bağlıdır. Mən rəqslə məşğul olan zaman şəxsi həyatımda problemlər oldu. Düşündüm ki, bu rəqsdən ibarət klipimi “Dəli olma” adlandıracam.

Klipin sözlərini və musiqisini özüm yazmışam. Amma təbii ki, bu layihədə çalışıran komandam mənə böyük kömək göstərdilər.

Mən şəxsən Ukrayna Şərq Mədəniyyəti Mərkəzini yaratmışam, insanları Yaxın və Uzaq Şərq mədəniyyəti ilə tanış edirəm. Bu mərkəz Kiyevdə yerləşir, hər kəs gəlib tanış ola bilər. Yeri gəlmişkən, mənim atam azərbaycanlıdır. Biz əslən Azərbaycanın Naxçıvan bölgəsindənik. Hazırda Naxçıvanda qohumlarım, nənəm, əmilərim və xalalarım yaşayır. Baxmayaraq ki, 28 ildir Ukraynadayam, təşkil etdiyimiz mədəniyyət mərkəzində əsasən Azərbaycan mədəniyyətini təbliğ edirik”.

Azərbaycan əsilli Ukrayna müğənnisi onu da qeyd edib ki, bu layihə son deyil və qarşıda yaşadığı ölkədə geniş səs salmağa hədəflənən bir sıra layihələri də nəzərdə tutub.