Bakıda 75 yaşlı qadını döyən baxıcıya cinayət işi açıldı

17 Dekabr 2021 12:04 (UTC+04:00)

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə paytaxtın Pirallahı rayonu, Pirallahı qəsəbəsində yaşayan 1946-cı il təvəllüdlü ağır xəstə olan Zenfira Musayevaya ona qulluq edən şəxs tərəfindən zorakılıq edilməsini əks etdirən videogörüntülər və məlumatlar yayılıb.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, Pirallahı rayon prokurorluğunda qeyd edilən faktla bağlı aparılmış araşdırmalarla ağır xəstə olan Zenfira Musayevanın baxıcısı Sona Axundova tərəfindən mütəmadi olaraq döyülməklə və sair zorakı hərəkətlərlə əzab verilməklə çoxsaylı bədən xəsarətləri yetirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Yoxlama zamanı Zenfira Musayevanın qızı Sevinc Quliyeva tərəfindən anasının baxıcısı tərəfindən döyülməsini əks etdirən videogörüntülər də təqdim edilib.

Faktla bağlı Pirallahı rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə rayon polis şöbəsinə tapşırılıb.

Hazırda istintaq davam edir.