Marsda yaşayış koloniyası salınsa, nə baş verərdi? – Qorxunc iddia

2 Yanvar 2022 20:02 (UTC+04:00)

Kosmosla bağlı aparılan tədqiqatlar arasında başqa planetlərdə və ya bu göy cisimlərinin peyklərində koloniyaların yaradılması ideyası xüsusi yer tutur. Yerdən kənarda yaşayış yerlərinin yaradılması ideyası həyəcanverici görünsə də, Edinburq Universitetinin astrobiologiya professoru Çarlz Kokell deyir ki, belə koloniyalar bəzi qorxunc nəticələrə səbəb ola bilər.

Teleqraf.com xəbər verir ki, professor bu halda həmin koloniyalarda ərzaq qıtlığının qaçılmaz olacağını bildirib.

Kokellin sözlərinə görə, əkinçilik araşdırmaları nəticə verməsə və Yerdən əlavə qida göndərmək mümkün olmasa, koloniya sakinləri hannibalizmə üz tuta bilərlər.

Kokell buna nümunə olaraq 1845-ci ildə Şimal-Qərb keçidini tapmaq üçün Şimal Buzlu okeanını tədqiq edən Ser Con Franklin və onun komandasını göstərib. Onlar yeməkləri qurtardıqdan sonra adamyeyənə çevrilmişdilər. Kokellin iddiasına görə, kosmos koloniyalarında yaşayan insanlar da bütün vasitələr tükəndikdə bu durumla üzləşə bilərlər.

Professor Ay, Mars və ya Yupiterin peyki Kallistonu müstəmləkəyə çevirməzdən əvvəl hər ehtimalın düşünülməsi və tədbirin görülməsinin lazım olduğunu deyib:

“Əgər 20 insan Yerdən yüz milyonlarla kilometr uzaqda ölümcül mühitə buraxılacaqsa, yaxşı olardı ki, bütün imkanlar və görüləcək tədbirlər əvvəlcədən nəzərə alınsın. Çünki işlər yaxşı getməsə, qısa zamanda qorxunc mənzərə ilə qarşılaşa bilərik”.