“Mən bu işlərdə heç kim olmuşam, Rüstəm Usubov bu məsələni...” – Generaldan şok açıqlama

11 Yanvar 2022 16:39 (UTC+04:00)

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, Bakı Hərbi Məhkəməsində bu gün keçirilən iclasa da əvvəlkilər kimi jurnalistlər buraxılmayıb.

Açıq keçirilən məhkəmə iclasına jurnalistlərin buraxılmaması barədə qeyri-qanuni göstərişi hakim Elbəy Allahverdiyev verib.

Əldə etdiyimiz məlumata görə, bu gün baş tutan iclasda zərərçəkmiş şəxs qismində Sərdar İsmayılov ifadə verib. O bildirib ki, 2013-cü ilin martında şəriki Orxan Abdullayevlə Gürcüstanda satışını təşkil etmək üçün Çindən pirotexniki vasitələr və yapışqan lentlər sifariş veriblər: “Sifariş edilən mallar 2013-cü ilin iyun-iyul aylarında Tbilisi şəhərindəki “Lilo” bazarının bazasına gəlsə də, satılmadı. Həmin malların satışına Azərbaycanda icazə olduğuna görə Bakı şəhərinə gətirib, burada satmağı fikirləşdik.

2013-cü il avqustun sonlarında Şəki sakini Elman Məsimovla Bakı şəhərində görüşdük. Söhbət zamanı Gürcüstanda pirotexniki məmulatların və yapışqan lentlərin olduğunu, həmin malları Azərbaycana gətirmək lazım olduğunu bildirdim. Elman maraqlanıb mənə bildirəcəyini söylədi”.

Sərdar İsmayılov qeyd edib ki, həmin il sentyabrın 3-də telefonla danışarkən Elman ona Gürcüstandan malları gətirmək üçün adam tapdığını deyib: “Sentyabrın 4-də Orxanla birlikdə Balakən şəhərinə getdik. Orada Elmanla görüşdük. Elman da bizi Əfsəl və Məcid adlı şəxslərin yanına apardı. Həmin adamlarla birlikdə Tbilisi şəhərinə getdik. Malların yerini onlara göstərdik. Sonra Balakənə qayıtdıq”.

Zərərçəkmiş deyib ki, sentyabrın 10-da Orxanla birlikdə Bakı şəhərində “Eqzotika” çay evində olublar: “Orada özlərini MTN əməkdaşı kimi təqdim edən şəxslər bizi saxladılar, MTN-in inzibati binasına apardılar. Orada təxminən 30 saat saxlanıldıqdan sonra evə buraxıldıq. Növbəti gün yenidən MTN-ə dəvət edildim. Sonra Səbail rayon Məhkəməsinin qərarı ilə barəmdə 3 ay müddətinə həbs qətimkan tədbiri seçildi.

Bundan təxminən 3 ay sonra səhər saat 11 radələrində MTN-in istintaq şöbəsinin müstəntiqi Yasin Məmmədov məni öz otağına gətizdirdi. Həmin vaxt MTN-də müstəntiq işləyən Nadir Mustafayev də orada idi. Yasin Məmmədov məndən evə getmək üçün nə qədər pul verə biləcəyimi soruşdu. Ona pulum olmadığını, amma satış qiyməti təxminən 18 min dollara olan “Kia Sportage” markalı avtomobilimi satıb, pulunu verə biləcəyimi dedim.

Yasin bildirdi ki, bu pul azdır, başqa nəyi sata bilərsən, qohum-qardaşdan sənə kömək edən biri yoxdur? Yasindən konkret olaraq hansı məbləğdə pul istədiyini soruşdum. Dedi ki, 50 min gətir, səni buraxaq. Həmin məbləğdə pulum olmadığını dedim. Yasin məndən hansı məbləği dollar şəkilində verə biləcəyimi soruşdu. Yaşadığım evdə 30 min dollar olduğu üçün dostum Vüqarı çağırmağı Yasindən xahiş etdim.

Yasin məndən Vüqarın telefon nömrəsini aldı, onu MTN-ə dəvət etdi. Həmin gün saat 15 radələrində müstəntiq Nadir Mustafayev və Yasin Məmmədovun iştirakı ilə Vüqarla görüşdüm. Vüqara dedim ki, bizim evdən 30 min dolları götür, maşınımı sat, nə çatmasa özün düz-qoş, 50 min dolları Yasin müəllimə çatdır.

Hətta həmin vaxt Yasin Vüqara dedi ki, sənə deyilən məbləği başa düşdün? Vüqar əvvəlcə deyilən məbləği qısa müddətdə düzəldə bilməyəciyini söylədi. Yasin Vüqarı da hədələdi, ona dedi ki, sənin bura gəldiyini, Sərdarı gördüyünü, onunla söhbət etdiyini kiməsə desən, səni Sərdarın yanına salacağıq”.

Sərdar İsmayılovun sözlərinə görə, həftənin birinci günü, günorta saatlarında onu Nadir Mustafayevin xidməti otağına aparıblar: “Ardınca Yasin həmin otağa gəldi. Bildirdi ki, halal olsun sənin dostuna, deyilən vaxtda, deyilən məbləği düzüb-qoşdu, amma bir-iki iş var, hələ alınmır, demişəm pulu özündə saxlasın, mən deyəndə gətirər. Təxminən 1 ay ərzində məni heç yerə aparmadılar. Sonra Yasin məni öz otağına gətizdirdi. Dedi ki, Vüqara demişəm, pulu gətirsin, bir az səbirli ol, tezlikcə hər şey yaxşı olacaq”.

Zərərçəkmiş şəxsin bildirdiyinə görə, bir neçə gün sonra onu Respublika Kliniki Xəstəxanasının həyətində yerləşən ekspertizaya aparıblar: “Orada həkimlər məni müayinə etdilər. Lakin müayinənin nəticəsini mənə demədilər. Bundan bir həftə sonra Yasin məni öz otağına çağırdı. Bəzi sənədləri imzalatdırdıqdan sonra həbsdən azad etdilər”.

Sərdar İsmayılov deyib ki, onun heç bir xəstəliyi olmadığı halda xəstə olması barədə arayış verilib. Məhkəmədə məlum olub ki, ekspertiza rəyində Sərdar İsmayılovun ürək xəstəliyi olub, bu səbəbdən onu 50 min dollar rüşvət müqabilində həbsdən azad ediblər.

Bununla bağlı prokuror həm Mövlam Şıxəliyevə, həm də Yasin Məmmədova suallar ünvanlayıb. Mövlam Şıxəliyev məhkəmə iclasında arayış verib: “Mən bu işlərdə heç kim olmuşam. Rüstəm Usubov məsələni həll etdiyi üçün mən qarışa bilməmişəm”.

Daha sonra prosesdə şahid qismində Vüqar Mənəfov və bir neçə şahid ifadə verib.

Prosesdən sonra jurnalistlərə açıqlama verən zərərçəkmiş Sərdar İsmayılovun vəkili Osman Kazımov bildirib ki, Sərdar İsmayılovun həbsdən azad olunması ilə bağlı 50 min dollar almaları məhkəmədə ifadələrlə təsdiq olunur: “Həm Sərdar İsmayılovun özü, həm də şahidlər təsdiq etdilər ki, 50 min dolları veriblər. Burada maraqlı olan bir şey odur ki, vətəndaş ürəyində xəstəliyi olmadığını deyir, amma bu vəzifəli şəxslər rəy alıblar ki, onun ürəyi xəstədir. Vəsatət veriblər ki, ürəyi xəstədir, həbsdən azad edilməlidir. Vətəndaşın isə vəsatətdən xəbəri yoxdur”.

Osman Kazımov deyib ki, jurnalistlərin açıq məhkəmə iclasına buraxılmaması qanun pozuntusudur. Vəkil bildirib ki, məhkəmə iclasının çəkilişlə aparılması barədə vəsatət veriblər: “Bununla bağlı Prezidentin sərəncamına istinad edilib. Amma hakim vəsatəti açıq saxlayıb, rədd edə bilməyiblər. Bu günə kimi də vəsatətimizdə göstərdiyimiz məsələnin icra olunduğunu görmürəm. Biz istəyirik ki, məhkəmə iclası video çəkilişlə aparılsın, mətbuat da prosesi işıqlandırsın, bütün baş verənlər hamıya məlum olsun”.

Növbəti proses yanvarın 18-də davam edəcək.

İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərərçəkiblər.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.