Tarlada işləyən kəndlilərə silahlı hücum: Çox sayda ölü və yaralı var

16 Yanvar 2022 00:13 (UTC+04:00)

Qərbi Afrika ölkəsi Nigeriyada kəndə silahlı hücum zamanı 13 sakin həyatını itirib.

Teleqraf.com-un məlumatına görə, Niger əyalət polisinin sözçüsü Vasiu Abiodun deyib ki, silahlı şəxslər Nakundna kəndində tarlalarda işləyən fermerlərə hücum ediblər.

Hücum nəticəsində 13 nəfərin həyatını itirdiyi, çox sayda yaralının olduğu bildirilib.

Yaralıların xəstəxanaya aparıldığını deyən polis əməkdaşı bölgəyə təhlükəsizlik qüvvələrinin göndərildiyini və araşdırmaya başlanıldığını açıqlayıb.

Bəzi mənbələr hücum zamanı 37 nəfərin həlak olduğunu qeyd edir.

Əlavə edək ki, ölkədə silahlı şəxslərin motosikletlərə hücumu səbəbindən bəzi ştatlarda motosikletdən istifadə qadağan edilib.