"Rubinyanı yaxından tanıyıram, psixoloq kimi deyirəm, o..." - Səməd Seyidov

17 Yanvar 2022 19:51 (UTC+04:00)

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, Ermənistanın xarici siyasət kursunu proseslərin gedişinə uyğun qurmaq cəhdlərinin perspektivini necə qiymətləndirirsiniz?

- Hər hansı bir siyasət xalqın maraqlarını əks etdirmirsə, dövlətin müqəddəratını qorumursa, ümumiyyətlə ölkənin strateji məqsədlərini həyata keçirmək imkanına malik deyilsə, bu, yalnız hakimiyyətdə qalmaq niyyətinə xidmət edir. Ermənistanda hakimiyyətdə qalmaq istəyən qüvvələr də heç vaxt hər hansı bir üsul və üslublardan imtina etməyəcəklər. Ona görə də, Ermənistan hakimiyyəti əllərinə keçən hər hansı bir fürsətdən istifadə etmək siyasətini seçib. Bu da əyani şəkildə özünü göstərir. Onlar bir tərəfdən demokratiyadan danışır, başqa bir yandan isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi çıxış edir. Eyni zamanda Avropaya meyilli görünsələr də bir çox hallarda bu xəttə zidd addımlar atır. Amma görünən odur ki, biz Ermənistanın timsalında bu cür halları hələ çox müşahidə edəcəyik. Ermənistanın timsalında xalqın fikrini, istəyini reallaşdıra bilməyən və bu niyyətdə olmayan yalnız hakimiyyət davası edən iqtidar belə bir siyasət göstərməlidir. Sözsüz ki, bu siyasət də xətalıdır.

- Ölkə başçısının yerli telekanallara müsahibəsində bu tezislərlə bağlı yanaşmaları hansı mətləblərdən xəbər verirdi?

- Bəli, Prezident İlham Əliyev bununla bağlı açıq şəkildə bəyan etdi ki, Azərbaycana qarşı Ermənistan tərəfindən hər hansı bir yanlış addım müşahidə edilsə, buna dərhal reaksiya veriləcək. Amma bu yanlış addımlar bəzən ikitərəfli olur. Yanlış istiqamətlər ermənilərin özünə və ətrafına qarşı da yönələ bilər. Bu, onların ətrafında olan dövlətlər üçün də təhlükə deməkdir.

- Hansı adekvat addımların atılması nəzərdə tutula bilər?

- Hər bir halda biz bu cür məsələlərdən agah olmalı və buna qarşı adekvat olmalıyıq. Dövlət başçısı da müsahibəsində bu məsələlərlə bağlı atılacaq addımları açıqladı.

- Artıq Türkiyə-Ermənistan arasında ilk görüş baş tutdu. Sizcə, prosesin irəliyə gedəcəyinə nə dərəcədə inam var?

- Türkiyə və Ermənistan tərəfindən danışıqlarda iştirak edən şəxsləri yaxşı tanıyıram Prosesdə qardaş Türkiyəni təmsil edən ən təcrübəli diplomat Sərdar Kılıçdır. Ermənistan tərəfindən isə parlamentin vitse-spikeri Ruben Rubinyandır. Eyni zamanda Rubinyan Avropa Şurasında erməni nümayəndə heyətinin rəhbəri olduğu üçün onu da yaxşı tanıyıram. Deyim ki, bu prosesdə Ermənistanı təmsil edən şəxs müsbət nəticələrə nail olacaq adam deyil. Çünki o, daha çox özünün ambisiyalarını güdür. Onun üçün Ermənistanın maraqları o qədər də əhəmiyyətli deyil. Sözsüz ki, bu gün Ermənistan hakimiyyətində təmsil olunan şəxslər məhz bu xarakterə malikdirlər. Onlar daha çox özləri haqqında düşünürlər.

- Sizcə, Ermənistan onun üçün yaranmış bu şansı dəyərləndirə biləcəkmi?

- Haqlısınız ki, Ermənistan üçün bu gün daha yaxşı bir şans yaranıb. Çünki bu ölkə danışıqlarda iştirak edərək mühüm nəticələr əldə edə bilər. Ancaq hər bir halda hansısa bir mülahizələrə yer vermək hələ tezdir. Hansısa bir nəticələr haqqında danışmaq üçün tələsmək lazım deyil. Amma arzulanan o idi ki, hansısa bir nəticə əldə edilsin. Sözsüz ki, istək birtərəfli olmamalıdır. Ermənistan özü buna daha çox can atmalıdır.

- Azərbaycanın hazırki Türkiyə-Ermənistan münasibətləri ilə bağlı mövqeyi nədən ibarətdir?

- Azərbaycan tərəfi olaraq biz bu məsələlərə müsbət yanaşmışıq. Türkiyənin özü də buna öz müsbət mövqeyini ortaya qoyub. Ermənistan buna təşəbbüskar olsa da, nəticəyə nail olmaq üçün formal iştirakçılıqdan irəli getmək lazımdır. Konkret nəticələrə gəlmək üçün bu cür mövqe tələb edilir. Hər bir halda bu uzun çəkəcək bir prosesdir. Sadəcə nəticələri gözləmək lazımdır.

- Diplomatların seçimi ilə bağlı mülahizələri nə dərəcədə önəmli hesab etmək olar?

- Söhbət ondan getmir ki, Rubinyan nə vaxtsa qəzet əməkdaşı olub. Qəzet əməkdaşı da yüksək səviyyəli bir diplomat ola bilər. Sözsüz ki, o formalaşmalı, qabiliyyətini göstərməlidir. Mən Rubinyanı şəxsən tanıyıram. Hesab edirəm ki, onun şəxsi keyfiyyətləri, milləti və Ermənistanın gələcəyi haqqında düşünməyə problemlər yaradacaq. Çünki bu şəxs özü haqqında çox böyük fikirdədir. Psixoloq kimi deyə bilərəm ki, bu, o qədər də müsbət bir hal deyil.