Qarabağa bilet satışı necə aparılacaq? - Açıqlama

18 Yanvar 2022 11:26 (UTC+04:00)

İşğaldan azad olunmuş ərazilərə marşurut xətlərinə bilet satışı onlayn qaydada həyata keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bunu Elektron Hökümətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, vətəndaşlar "Yolumuz Qarabağa" portalı vasitəsilə onlayn bilet ala biləcəklər:
"Portala Asan login, Asan imza vasitəsilə daxil ola bilərlər. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər. Bilet alarkən sərnişinlər gedəcəkləri ünvanı seçməli, elektron poçt ünvanı, nömrə qeyd etməlidirlər. Əgər başqası üçün bilet alınırsa, o şəxsin də fərdi identifikasiya nömrəsi sistemə daxil edilməlidir. Burada şəxsiyyət vəsiqəsinin surəti tələb olunmur. Kart məlumatlarını daxil edərək ödənişi tamamlamış olurlar. Bilet sərnişinlərə elektron poçt ünvanına göndərilməklə yanaşı, portala da əlavə olunur. Əgər şəxsin telefonu əlçatan deyilsə, portala daxil ola bilər".

O qeyd edib ki, müəyyən imtiyazlı şəxslərə ildə 1 dəfə bu istiqamətlər üzrə pulsuz bilet almaq imkanı yaradılıb: "Bu kateqoriyaya Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar, şəhid ailələri üzvləri, Qarabağ Müharibəsi əlilləri aiddir".