ABŞ-dan Yunanıstana zərbə - Ərdoğan ilk dəfə açıqladı

18 Yanvar 2022 23:38 (UTC+04:00)

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qara dəniz və Şərqi Aralıq dənizi başda olmaqla, haqqı olduğu bütün sahələrdə araşdırmalara davam edəcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, Ərdoğan Türkiyənin öz donanması ilə bölgənin ən güclü ölkələri arasında olmağı hədəflədiyini söyləyib.

“Şərqi Aralıq dənizi məsələsinə yanaşmamız məlumdur. Liviya ilə razılaşmamız var. Liviya ilə bağladığımız müqavilə ilə məsələni rəsmi mətndə həll etdik. Bu rəsmi mətn üzərində işləməyə davam edirik. Bir tərəfdən də dörd qazma gəmisi və iki seysmik tədqiqat gəmisi aldıq. Biz bunları boş yerə almışıq? Qara dənizdə, Aralıq dənizində işləyəcəklər. Bu baxımdan ən güclü infrastruktur bizdə olacaq. Buna görə də, Amerikanın işi sırf iqtisadidir. Apardıqları təhlillər nəticəsində gördülər ki, bundan heç nə çıxmayacaq”, - Türkiyə lideri qeyd edib.

Bundan əvvəl Yunanıstan ABŞ-ın sözügedən su hövzəsində “EastMed” qaz kəmərinin (“Şərqi Aralıq dənizi” qaz kəməri) çəkilməsinə verdiyi dəstəyi dayandırdığını açıqlayıb. Ağ Evin qərarı Yunanıstanda etirazla qarşılanıb.