Anar Ağakişiyev: "Pandemiya olmasaydı, indi ata idim..." - Foto

19 Yanvar 2022 13:42 (UTC+04:00)

Stilist Anar Ağakişiyev MTV Azərbaycan kanalında yayımlanan “Üzə-düz” proqramına qonaq olub.

Teleqraf.com xəbər verir ki, o, şəxsi həyatından danışıb: “Ailə və övlad böyük məsuliyyətdir, buna hazır deyiləm. Əvvəl çox istəyirdim ki, iki-üç qız övladım, böyük bir ailəm olsun. Bəlkə də pandemiya düşməsəydi, indi ata olmuşdum. Bunu ilk dəfə sizə deyirəm.

Baş verənlər 2019-cu ildə qaldı. Həyatımda yeni bir mərhələ başlayacaqdı. Belə məsləhət idi, yəqin ki, belə olmalı imiş. Bu məni incitmir. Övladlığa uşaq götürmək haqqında düşünmürəm, çünki genlərə çox inanıram. Rəsmi nikah bir müddət olmasa da bu normaldır. Amma övladın doğum haqqında şəhadətnaməsində onun ata-anasının adı yazılmalıdır.

Cəmiyyətə faydalı övlad verəcəyəmsə, ata olacam. Yoxsa bir işarə olsun deyə ata olum, yox. Ata bilməsin ki, övlad harda yatır, nə yeyir, bu kimi halları qəti istəmərəm. Mən belə şeylərdə çox qəddaram. Anam mənə cəmi bir dəfə demişdi ki, səni nə zamansa haram yeyən görsəm, əllərini qapının arasına qoyub, qapını bərk bağlayacam".

Anar Ağakişiyev ailəsini mətbuatdan uzaq tutmasından da danışıb: "Heç vaxt ailə üzvlərimi kamera önünə gətirməmişəm. Milli düşüncədə bir insanam. Bir xanımın cəmiyyət içərisində siqaret çəkməsinə pis baxıram. İstər vətəndə, istərsə də xaricdə belə mənzərə görəndə deyirəm ki, utanmır, damağında siqaret... Gənc qızlar yayda göbək nahiyəsini açır, buna yaxşı baxmıram. Hər şeyin həddi var. Çərçivələrlə yaşamaq lazımdır”.

Stilist yeni mənzilindən də söz açıb: “Bu yaxınlarda yeni evə köçəndə başa düşdüm ki, məndə bir xəstəlik var, ayaqqabılara olan sevgi... 800 cüt ayaqqabım var. Ən ucuzu 200-250 dollar, ən bahalısı 3000 dollar. Ayaqqabılarımın ortalama qiymət 700-800-1000 dollardır”.