"Pekress təkcə Azərbaycanın yox, Avropa İttifaqının qanunlarını da pozub" - Açıqlama

19 Yanvar 2022 17:14 (UTC+04:00)

Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drianın bu ölkənin parlamentində çıxışı beynəlxalq hüquqa və diplomatik qaydalara tamamilə ziddir. Beynəlxalq hüquq normalarını kobud surətdə pozulmasını dəstəkləyən fransalı nazirdən başqa cür açıqlama gözləmək olmaz. Amma onun belə yanaşması qəbuledilməzdir.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, artıq Azərbaycanın Xarici İşlər İşlər Nazirliyi və ölkəmizin Fransadakı səfirliyi məsələ ilə bağlı mövqeyini ifadə edib: “Prezident İlham Əliyevin Valeri Pekress, Mişel Barniyer və Brüno Retayyonun Azərbaycanın ərazilərinə qanunsuz səfəri ilə bağlı açıqlaması tam qanunidir. Bu, Azərbaycan qanunlarını pozan şəxslərə qarşı tam adekvat bir cavabdır. Pekressin Fransa prezidentliyinə namizədlik statusu ona Azərbaycan qanunlarından üstün olmaq imtiyazı verə bilməz. O da digər hər hansı bir xarici vətəndaş kimi qəbul edilməlidir. Eyni zamanda, Fransa prezidentliyinə namizəd Valeri Pekres ilk növbədə öz ölkəsinin qanunvericiliyinə əməl etməlidir”.

Millət vəkili hesab edir ki, Fransa prezidentliyinə namizədin Azərbaycana davamlı hücumları ilə bağlı açıqlamaları qəbuledilməzdir: “Pekress açıqlamaları ilə Azərbaycan ərazisinə səfərinin qanunsuz olduğunu gizlətməyə çalışır. O, Azərbaycanın Xankəndi şəhərinə səfərinin qanunsuz olduğunu yaxşı bilir. Bu səbəbdən də, məqsədli şəkildə hay-küy salaraq diqqəti əsas məsələdən yayındırmağa çalışır. Prezidentliyə namizəd bilməlidir ki, o təkcə Azərbaycan qanunlarını yox, Avropa İttifaqının qanunlarını da pozub. Belə ki, Avropa İttifaqı ölkələrin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən və ya təhdid edən hər hansı hərəkətləri qadağan edir. Pekress də bu qaydanı unutmamalıdır. Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Fransa prezidentliyinə namizəd bu hərəkəti ilə Avropa İttifaqının tələblərini də pozur. Prezidentliyə namizəd olması isə onun qanunlardan üstün olmasına səbəb yarada bilməz”.