Paşinyanın şok planı: “Bu hədəfinə çatsa, sülh müqaviləsi imzalana bilər”

19 Yanvar 2022 22:43 (UTC+04:00)

“Türkiyə Ermənistanla normallaşma prosesində Azərbaycanın maraqlarını nəzərə alır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert bölgə ölkələri arasındakı münasibətlərindəki son gəlişmələrə diqqət çəkib:

“Ermənistanda konustitusiya islahatlarından sonra Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atıla və sülh müqaviləsinin bağlanmasına gedilə bilər. Nikol Paşinyanın başqa hədəfləri də də var. O, konstitusiyanı dəyişdirib prezidentlik idarəetmə sistemini bərpa etməklə, bütün gücü öz əlində cəmləməyi hədəfləyir. Həmçinin konstitusiyadan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları çıxarıla bilər. Bura Ağrı dağının Ermənistanın gerbindən çıxarılması da daxildir. Bir sözlə, Ermənistan Türkiyə və Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıması üçün konstitusiyasında dəyişiklik etməlidir.

Hesab edirəm ki, Paşinyan qarşısına qoyduğu bu hədəfə çatsa, daxili təzyiqləri neytrallaşdırıb, sülh müqaviləsi istiqamətində addımlar ata bilər. Amma ilk növbədə Azərbaycanla imzalanmış mövcud razılaşmaları yerinə yetirməlidir. Buna baxmayaraq, Ermənistan tərəfi ənənəsinə sadiq qalaraq yenə də təxribatlara əl ata bilər. Bunu həmişə diqqətdə saxlamlıyıq”.

Məhəmməd Əsədullazadə xatırladıb ki, artıq Türkiyə və Ermənistan arasında ilk görüş baş tutub:

“Bu danışıqlara uyğun olaraq, İrəvan-İstanbul təyyarə reysi açılıb. Fevralın 2-də İrəvandan ilk uçuşlar həyata keçiriləcək. Qənaətimə görə, Türkiyə Ermənistanla normallaşma prosesində Azərbaycanın da maraqlarını nəzərə alır. Ankaranın Azərbaycanla da əlaqələrin normallaşması üçün müəyyən addımlar atacağı istisna deyil”.