Rusiyaya daha bir təhdid: “Ukraynaya müdaxilə edilsə…”

20 Yanvar 2022 17:01 (UTC+04:00)

Ukraynada münaqişənin gərginləşəcəyi təqdirdə ABŞ Rusiyaya strateji əhəmiyyətli bir məhsulun idxalına qadağa qoya bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.

Söhbət çiplərin idxalından gedir. Agentliyin məlumatına görə, sanksiyalar Rusiyanın qlobal elektronika təchizatına çıxışının bloklanmasına təsir göstərə bilər.

Yarımkeçiricilər Sənayesi Assosiasiyası (SIA) nəzərdə tutulan ixrac məhdudiyyətlərinin mümkünlüyünü qiymətləndirmək üçün Ağ Evin Milli Təhlükəsizlik Şurasına sorğu göndərib. Rəsmi Vaşinqton bu məlumatı şərh etməkdən imtina edib və yalnız Amerika tərəfinin Rusiyaya qarşı istənilən sərt sanksiyalara hazır olduğunu bildirib.

Bundan əvvəl ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukraynaya müdaxiləsi durumunda ona görünməmiş sanksiyalar vəd edib.