Qlobal neft tələbi proqnozu artdı - Beynəlxalq Enerji Agentliyi

20 Yanvar 2022 17:14 (UTC+04:00)

Beynəlxalq Enerji Agentliyi (IEA) ölkələrin COVID-19 epidemiyası zamanı daha yumşaq tədbirlər gördüyü üçün 2021 və 2022-ci illər üçün qlobal neft tələbatının artması ilə bağlı proqnozunu yüksəldib.

Teleqraf.com IEA-nın dekabr ayı üzrə “Neft Bazarı Hesabatı”na istinadən xəbər verir ki, COVID-19-un omikron variantına yoluxma hallarının sayının artmasına baxmayaraq, 2021-ci ilin son rübündə neftə tələbat gündəlik 1 milyon 100 min barel artaraq 99 milyona barelə çatıb.

Bu ilin birinci rübündə isə həm mövsümi, həm məsafədən iş, həm də hava nəqliyyatının zəifləməsi ilə əlaqədar tələbatın azalması gözlənilir. Lakin hökumətlərin epidemiyaya qarşı kəskin tədbirlər görməməsi səbəbindən Agentlik 2021 və 2022-ci illər üçün qlobal neft tələbatının artması ilə bağlı proqnozunu əvvəlki hesabatla müqayisədə 200 min barel artırıb.

Belə ki, qlobal neft tələbinin 2021-ci ildə əvvəlki ilə nisbətən gündəlik 5 milyon 480 min barel artaraq təxminən 96 milyon 381 min barelə, bu il isə gündəlik 3 milyon 325 min barel artımla 99 milyon 705 min barelə çatacağı gözlənilir.

OPEC-in gündəlik xam neft hasilatı dekabr ayında bir əvvəlki aya nisbətən təxminən 190 min barel artaraq 27 milyon 990 min barelə yüksəlib. Bu dövrdə OPEC-in xam neftdən başqa qeyri-ənənəvi hasilatı gündəlik 5 milyon 220 min barel olaraq qeyd edilib. Beləliklə, OPEC-in ötən ay ümumi neft hasilatı gündəlik 33 milyon 210 min barel olub.

OPEC-ə daxil olmayan ölkələrin gündəlik neft hasilatı isə əvvəlki ayla müqayisədə təxminən 60 min barel azalaraq 65 milyon 420 min barel olub.