Fransa hələ anlamır: Cənubi Qafqaza girə bilməyəcək... - Müsahibə

20 Yanvar 2022 16:46 (UTC+04:00)

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fazil bəy, Türkiyə ilə Ermənistan arasında ilk görüş baş tutdu. Erməni tərəfi isə yenidən revanşist, şovinist fikirləri gündəmə gətirir. Sizcə, belə bir fonda münasibətlərdə nə dərəcədə irəliyə getmək mümkün olacaq?

- Terrora bulaşmış bir zehniyyətdə olan cəmiyyətin birdən-birə normal düşüncəyə gəlməsi elə də asan deyil. Orada kimlərsə bu addımın Ermənistan xalqı üçün faydalı olduğuna inandırmağa çalışsa da, ona qarşı belə davranışlar da baş verəcək. Bu baxımdan normal bir proses gedir. İlk görüşdən nəyinsə həll olunacağına inanmaq düzgün deyil. Ermənistanın özündə ab-hava elədir ki, xeyli xəstə təfəkkürlü fəal insan var.

Xüsusi ilə elitada, ədəbiyyatda, elmdə olanlar ancaq xəstə psixologiya ilə yaşayırlar. Onlar terrorçu mahiyyəti ilə yetişiblər. Bir xalqa qarşı düşmən, nifrət, tarixin hansısa bir məqamında baş vermiş hadisələri özünün həyat idealına çevmiş insanlar az deyil. Ona görə də, birdən-birə kəskin dəyişiklik gözlənilən deyil.

- Sizcə, sadə erməni indi nə düşünür?

- Ağıllı erməni oturub fikirləşir ki, “mən 1915-ci ilin havası ilə ya da bu günün qayğıları ilə necə yaşayım?" Yəni, yüz il geriyə dönüb, orada xəyal qurub yaşayan erməni yüz il sonrakı dövrü hələ də həmin xəyallar üzərində təsəvvür edir. Bu baxımdan məlum psixologiyanı dəyişmək çox çətindir. Amma bütövlükdə proses başlayıbsa, bunun da müəyyən müsbət nəticələri mütləq olacaq.

- Erməni tərəfi fürsəti necə dəyərləndirəcək?

- Erməni toplumu əslində Dəmir Yumruğun zərbəsindən sonra bir az ağıllanıb. Onlar ağıllanmasaydılar, Paşinyanı təzədən seçməzdilər. Seçiblər ki, Ermənistanı bir yerə çıxarsın. Müharibə yolu ilə bunu etmək mümkün deyil. Ermənistan cəmiyyəti seçkidə məhz bu mesajı verdi.

Başqa bir nüans odur ki, Fransa kimi dövlətlər, orada olan diaspora, lobbiçiliklə məşğul olanlar Ermənistan cəmiyyətini normal yaşamağa imkan vermir. Bu qüvvələr yenidən erməni toplumuna xəyal ötürürlər. Onlar da yenidən illuziyalar, imkansız vəziyyədə “imperiya” yaratmaq, Türkiyəyə və Azərbaycana qarşı torpaq iddiası ilə çıxış etmək kimi zərərli ideyaları aşılamağa çalışır. Məsələnin mahiyyəti məhz budur.

- Nə dəyişməlidir?

- Erməni lobbisinin dəyişəcəyini gözləmək çətindir. Amma Ermənistan daxilində vəziyyət fərqlidir. Orada sadə erməni üçün normal yaşamaq vacibdir. O isə yaşaya bilmir. Bütün imkanlar onlar üçün qapalıdır. Azərbaycan və Türkiyə məhz bu zərərli yanaşmalara görə qapıları bağlayıblar.

Rusiyaya isə sadə erməni ancaq təyyarə ilə gedib-gələ bilər. Gürcüstanla da məlum problemləri var. İran üzərindəndən geniş əlaqələri yoxdur. Mütləq Naxçıvan yolu açılmalıdır ki, ermənilərin İranla əlaqəsi olsun. Azərbaycan da bunu təklif edib. Bunu həyata keçirə bilmirlərsə, bu başqa bir problemdir. Ona görə də, Ermənistanın başqa çıxış yolu yoxdur.

- Türkiyə ilə ilə aparılan danışıqlar Azərbaycan üçün nə dərəcədə faydalıdır?

- Türkiyə ilə Ermənisntaın apardığı danışıqların Azərbaycana faydası dəyəcək. Bu istiqamətdə müəyyən addımların atılması proseslərin yumşalmasına səbəb olacaq. Yeni əsasda kifayət qədər ciddi dəyişiklər gözlənilir. Buna kim nə qədər mane olur-olsun, Ermənistanda yaşayan xalq artıq bu tərzdə qalmağın mümkünsüzlüyünü qəbul edir.

- Fransanın burada narahatçılığı nə ilə bağlıdır?

- Fransızlar Cənubi Qafqaz bölgəsində terrorçu dövlət qurmaq istəyirdilər. Terrorçu dövlət qurmaq ideyası yoxa çıxıb. Fransa terroru dəstəkləyən ölkədir. Bunu da Ermənistanın timsalında nümayiş etdirirlər. Bu fürsət əlldən çıxıb. Əllərində qalan kiçik bir bucağa burunlarını soxub nəsə qoparmağa çalışırlar. Buna da kifayət qədər maneə var.

Azərbaycan problemin mahiyyətcə həll olunmasını artıq yekunlaşdırıb. Fransanın özünə uyğun olaraq nəsə etməsi mümkün deyil.

Azərbaycanla münasibət qurmaq məsələsində Fransa cəmiyyətinin fikri var. Orada erməni seçicinin səsini qazanmaq üçün Azərbaycanı, Türkiyəni itirmək yolunu seçiblər. Bu, Fransanın ziyanınadır.

- Azərbaycan və Türkiyənin dostluğunu qazanmadan Cənubi Qafqazda olmaq nə dərəcədə mümkündür?

- Bunu Fransa hələ anlamır. Sözsüz ki, Azərbaycan və Türkiyənin dostluğunu qazana bilməyən Cənubi Qafqaza girə bilməyəcək. Ermənistan üzərində siyasət yürütmək Fransızlara baş ucalığı gətirməyəcək. Məsələnin mahiyyəti budur.

Fransanın belə fəaliyyətinə qarşı qətiyyətli olmalıyıq. Təkrar öz ərazimizdə terrorçuların baş qaldırmasına imkan verə bilmərik.