"Azərbaycandan üzr istənilsin, heç bir şərt olmadan..." - Müsahibə

22 Yanvar 2022 11:28 (UTC+04:00)

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, Azərbaycanın Ermənistana sülhlə bağlı mümkün təkliflər göndərdiyi açıqlandı. Qarşı tərəf isə həmişə olduğu kimi müəyyən “şərtlər”, ATƏT müstəvisində prosesin irəliləməsini önə çəkib. Sizcə, bu cür yanaşmalar fonunda irəliləyişə nail olmaq mümkün görünürmü?

- Prezident İlham Əliyev bu məsələyə öz mövqeyini konkret olaraq ifadə edib. Məhz bu kimi məntiqsiz cavablara Azərbaycanın səbri sonsuz deyil. Hər şeyin həddi, səviyyəsi var. Yeni yaradılmış reallığın hər kəs tərəfindən dərk və qəbul olunmasını istəyirik. Azərbaycanın irəli sürdüyü məsələlər tam başa düşüləndir. Artıq Qarabağ adında bir problem mövcud deyil. Azərbaycan torpaqlarını işğaldan azad edib. Bu istiqamətdə köhnə ab-hava ilə prosesə yanaşmaq konstruktivlikdən uzaqdır. Digər tərəfdən Azərbaycan tərəfi olaraq dəfələrlə vurğulamışıq ki, Azərbaycan xoş niyyətini ortaya qoyaraq heç bir şərt olmadan buna hazırdır. Erməni tərəfinin bir neçə gün öncə Rusiya vasitəsilə təkliflər göndərməsi, daha sonra Ermənsitan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “şərtlərlə” çıxış etməsi ona dəlalət edir ki, onlar prosesi uzatmaq istəyirlər. Çünki qarşı tərəf mövcud prosesi sona kimi dərk etmək iqtidarında deyil. Məsələləri uzatmaq da ondan irəli gəlir ki, reallığı qəbul etmək istəmirlər. Çünki nəyəsə ümidlidirlər. Bu ümid məsələsi onlar üçün “ciddidir”. Ermənistanda belə vəziyyət olmasa da, nəyəsə arxalanmaq məsələsi gündəmə gəlib. Azərbaycan Prezidenti də son müsahibəsində erməni tərəfinə ünvanlanmış fikirlərində bu məsələyə münasibət bildirdi. Biz də çox gözəl bilirik ki, bu məsələlər haradan qaynaqlanır.

- Ermənistanı bu məsələlərdə arxayın salan amillər hansılardır?

- Bunun iki istiqamətdə mənbəyi mövcuddur. Birincisi erməni diasporu, ikincisi isə sülhməramlılar və Rusiyadır. Amma burada nə birinci, nə də ikinci faktorun Azərbaycanın yaratdığı reallığa müdaxiləsi mümkün deyil. Burada məsələlərə hansısa müdaxilələrin olması o qədər də əhəmiyyət kəsb etmir. Misal üçün Fransa prezidentliyinə namizəd Valeri Pekressin Xankəndinə getməsi, Fransa Xarici İşlər Nazirliyinin biabırçı bəyanatı ortadadır. Bununla bağlı da bizim mövqeyimiz isə daha sərtdir. Bizim tələbimiz odur ki, Azərbaycan tərəfindən üzr istənilsin. Yaxud da ki, erməni diasporunun nümayəndlərinin Azərbaycana qarşı müəyyən hərəkətləri var. Rusiyanın içərisində olan qüvvələrin də bizə qarşı fəaliyyəti nəzərdən qaçmamalıdır. Sülhməramlıların Qarabağda hansısa məsələlərə göz yumması faktlarını unutmaq olmaz. Bütün bunlar sözsüz ki, qıcıq yaradan hallardır. Amma reallığı dəyişdirmək qeyri-mümkündür. Reallığı da erməni tərəfi nə qədər tez qəbul etsə, onlar üçün daha faydalı olacaq.

- Fransanın Azərbaycana qarşı bu davranışları nədən qaynaqlanır?

- Öncə biz bilməliyik ki, bu cür davranış Fransa kimi bir dövlətin daxilində gedən proseslərdən qaynaqlanır. Bu isə açıq daxili böhrandan xəbər verir. Fransa cəmiyyəti, hökuməti, siyasətçiləri arasında böyük böhran var. Unutmaq olmaz ki, hazırkı Fransa Prezidenti Emmanuel Makronla, prezidentliyə namizəd Valeri Pekress eyni partiyanın təmsilçisidir. Paralel olaraq bir neçə həftə öncə E.Makron öz təşəbbüsü ilə Azərbaycan Prezidenti ilə görüş istədi. Bunun üzərindən bir neçə həftə keçdikdən sonra isə Fransa Xarici işlər naziri ölkə rəhbərinin mövqeyinə zidd bəyanat verdi. Bunun təsəvvürü olduqca ağır böhrandan xəbər verir. Hansısa bir ölkədə məsələn ABŞ-da belə bir hal yaşanmayıb. Ola bilməz ki, ABŞ prezidenti bir söz desin, Entoni Blinken başqa bir şey. Həmçinin Rusiyada Prezidenti Vladimir Putin bir söz desin, Sergey Lavrov başqa bir fikir bildirsin. Bu kimi hallar yaşanmayıb həmin ölkələrdə. Azərbaycanda da eyni ilə bu mümkün olan bir hal deyil. Fransada baş verən dünyada rastalanmayan bir faktdır. Çünki bunlar bir komdandanın ali rəhbərləridir. Onlar bir-birinə zidd hərəkət edirlərsə, bu, Azərbaycan-Fransa münasibətlərinə xələl gətirməklə yanaşı, öncə hakimiyyətin içərisində dərin böhranın birbaşa əlaməti deməkdir. Bu ilin aprel ayında Fransada prezident seçkiləri keçiriləcək. Xarici işlər naziri artıq E.Makronun yox, V.Pekressin mövqeyini dəstəkləməklə faktiki olaraq öz rəhbərinə xəyanət etmiş olur. Necə ki, V.Pekress Fransanın milli maraqlarına ziddi addım atır, eyni halı indi xarici işlər naziri təkrarlayır.

- Türkiyə-Ermənistan əlaqələrinin bərpası ilə bağlı ilk görüşdə tərəflər ilkin şərt olmadan danışıqları davam etdirməklə bağlı razılığa gəldiklərini bildirdilər. Bu cür bəyanatların diplomatiyada hədəfləri nədən ibarətdir?

- Bu danışıqların müsbət nəticələnməsini istəsək də, bunun tez olacağına inanmaq olmaz. Hətta Ermənistan parlamentində xüsusi nümayəndə Ruben Rubenyanla bağlı əks mövqelər daha çox önə çıxdı. Nikol Paşinyan da məcbur olub bütün məsuliyyətin Rubenyanın deyil, özünün üzərində olduğunu açıqladı. Aydındır ki, ilk mərhələdən bu danışıqların problemli olması ilə bağlı işarələr var. Amma biz istərdik ki, bu məsələlər öz həllini tapsın. Ümidlər var ki, Ermənistan ona verilən bu tarixi şansdan yararlanacaq. Azərbaycanla Ermənistan, Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşması arzu olunan haldır. Bölgədə sülhün olması vacibdir. Azərbaycan və Türkiyə öz milli maraqları uğrunda fəaliyyət göstərir və siyasət aparır. Ermənistan isə öz maraqları ilə yanaşı, kimlərinsə iddialarını gündəmə gətirmək istəyindədir. Ona görə də, Rubenyan və digəri olsa da yanaşmalar dəyişməlidir. Biz də bu məsələdə daha diqqətli olmalıyıq. Çünki kapitulyasiya imzalamış bir dövlət hansısa bir şərtlərdən danışırsa, onların reallıqdan nə dərəcədə uzaq olduğunu görmək olar.