Post-münaqişə dövrü ilə bağlı təhqiqat xarakterli məqalələlər çox azdır - Şəfiyev

24 Yanvar 2022 10:51 (UTC+04:00)

Əsas məqsəd media məkanında çalışan və bilavasitə beynəlxalq məsələlərlə məşğul olan jurnalistlərin peşəkar səviyyəsinin artırılması, müzakirələrin aparılmasıdır. Media məkanında müəyyən problemlərin olduğunu müşahidə edirik.

Teleqraf.com xəbər verir ki, bunu “Müharibədən sonrakı reallıqlar və media” mövzusunda jurnalistlər üçün üç günlük təlimdə açılış nitqi ilə çıxış Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

Fərid Şəfiyev bildirib ki, ölkəmizdə bir çox sahələrdə islahatlar aparılır. Bu islahatlar media məkanını da əhatə edir: “Bizim bir sıra planlarımız var idi. Lakin pandemiya başladı və planlarımız yarımçıq qaldı. Artıq vəziyət yaxşılaşmağa doğru gedir və belə bir tədbirləri keçirmək imkanı var”.

Fərid Şəfiyev deyib ki, xüsusilə söhbət münaqişə və post-münaqişə dövründən gedir:

“Mənim xarici diplomatlarla təmaslarım göstərir ki, bizim media məkanında bir sıra fundamental problemlər mövcuddur. Halbuki münaqişə başlayanda – 1988-ci ildə bizim bəzi jurnalistlərin fəaliyyəti – indi də təqdirəlayiq olan jurnalistlər var – o vaxt Baltikyanı ölkələrdə, Ukraynada, elə Moskvanı özündə dərc olunurdu. Ancaq sonrakı dövrdə problemlər əmələ gəldi. İndi qəzetləri oxuyanda ancaq qısa məlumatlara rast gəlirik. Mənə xarici diplomatlar dedilər ki, buz istərdik Brüssel görüşü baradə Azərbaycan jurnalistlərinin yazılarını oxuyaq. Biləsiniz ki, xarici ekspertlər Azərbaycan dilində dərc olunan məqalələri çox diqqətlə oxuyurlar, hərdən istinad da edirlər. Məsələn, post-münaqişə dövrü ilə bağlı təhqiqat xarakterli məqalələlər çox azdır. Minalanmış ərazilərlə, azad edilmiş ərazilərləə bağlı materiallar çox azdır. Həmçinin, təhlil xarakterli materiallar da azdır”.

Fərid Şəfiyev onu da bildirib ki, bundan əlavə mediada şəxsi hekayələr də azdır:

“Ermənilər hər zaman deyirdilər ki, azərbaycanlı əhali Ermənistandan könüllü şəkildə çıxıb. Bununla bağlı məqalələr yazırdılar. İndi isə bizim jurnalistlər həmin işi görə bilərlər. Həmin şəxslərdən müsahibələr götürülə, həyat hekayələri işıqlandırıla bilər. Ona görə də biz bu gün yığışmışıq ki, sizinlə bu məsələləri müzakirə edək".