Jurnalistlər üçün keçirilən üçgünlük təlim başa çatdı - Foto

26 Yanvar 2022 17:37 (UTC+04:00)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM), Medianın İnkişafı Agentliyi (MEDİA), Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Müharibədən sonrakı reallıqlar və media” mövzusunda keçirilən üçgünlük təlimlər başa çatıb.

Teleqraf.com xəbər verir ki, təlimin ilk günü – yanvarın 24-də BMTM-də mərkəzin idarə heyətinin sədri Fərid Şəfiyev və Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov açılış nitqi ilə çıxış edib.

Fərid Şəfiyev bildirib ki, təlimlərin təşkilində əsas məqsəd beynəlxalq və xarici siyasət sahəsində çalışan jurnalistlərin peşəkarlığının artırılmasıdır. Media sahəsində müəyyən problemlərin olduğunu diqqətə çatdıran BMTM-in İdarə Heyətinin sədri beynəlxalq, o cümlədən təşkilat və səfirliklərlə əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov vurğulayıb ki, müharibədən sonrakı reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında medianın üzərinə böyük məsuliyyət düşür. O əlavə edib ki, post-münaqişə dövründə bu mövzuda təlimlərin təşkili mühüm əhəmiyyət kəsb edir və sahə üzrə ixtisaslaşmış jurnalistlərə böyük ehtiyac duyulur. Çıxışlar zamanı bu kimi təlimlərin mütəmadi xarakter daşıyacağı vurğulanıb.

Daha sonra Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Azərbaycanın müharibədən sonrakı dövrdə mövqeyinin beynəlxalq mediaya düzgün çatdırılması dili və terminologiyanın dəyişməsi”, Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Anar Eyvazov “Media nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfərləri” və BMTM-in baş məsləhətçisi dr.Vasif Hüseynov “Xarici mediada Azərbaycan həqiqətlərinin çatdırılmasına dair məqalələrin yazılması” mövzularında təlim keçiblər.

Təlimin ikinci günündə Xarici İşlər Nazirliyində nazir müavini Elnur Məmmədov tərəfindən “Post-münaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması. Təhdidlər və perspektivlər”, Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Yalçın Rəfiyev tərəfindən “44 günlük Vətən müharibəsi dövründə və ondan sonra beynəlxalq təşkilatlar çərçivəsində aparılan fəaliyyət”, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tərəfindən “Post-münaqişə dövründə Azərbaycanın xarici siyasətinin prioritetləri” mövzularında təlim baş tutub.

Təlimin üçüncü günü – yanvarın 26-da Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzi, Hərbi Nəşriyyat və Hərb Tarixi Muzeyinə press-tur təşkil edilib.

Sonda jurnalistlərə sertifikatlar təqdim olunub.