Xırdalanda ər-arvad arasında qəribə olay: "Bərkdən səs eləyirdi..." - Cinayət

27 Yanvar 2022 12:18 (UTC+04:00)

Abşeron rayonunda 1971-ci il təvəllüdlü Pərviz şəxsi münasibətlər zəminində həyat yoldaşı İnarəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Pərviz Xırdalan şəhərində yerləşən evlərində arvadı İnarənin səhər saatlarında işığı yandırıb-söndürməsi, həmçinin məişət əşyalarından mətbəxdə istifadə edərkən səs-küy yaratması səbəbindən onunla mübahisə edib.

Pərviz yumruq və təpik zərbələri ilə İnarənin bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirib. Onun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Pərviz elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, İnarə ilə 1996-cı ildən evlənib, birgə nikahlarından dörd övladları var: “Son dövrlərdə arvadımla yaşadığımız evlə əlaqədar münasibətlərimiz pozuldu. İnarə qızımız Sevilin ailəsinin evi olmadığı üçün bizimlə yaşamasını istədi. Razılaşmadığım üçün onunla münaqişə etdim. Bu səbəbdən İnarə məni ruhi-əsəb xəstəxanasına yerləşdirmək istədi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə baş verən günü səhər saat 7 radələrində İnarə yatdığı otağa daxil olub, tez-tez işığı yandırıb-söndürüb: “Çayniki, çaydanı, həmçinin qab-qacağı mətbəxdə ora-bura ataraq məni oyatmağa çalışdı. Mən də əsəbi halda oyandım, niyə belə etdiyini soruşdum. İnarə acıqlı və hikkəli formada mənə cavab qaytardı. Bu səbəbdən əsəbləşdim, əlimlə saçından tutaraq onu silkələdim. İnarə də mənə əl atdıqda isə onu yerə yıxdım, təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurdum. Sonra isə evdən getdim”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən İnarənin sözlərinə görə, Pərviz əvvəllər ruhi-əsəb xəstəxanasında müalicə alıb, xaraktercə aqressivdir: “Hadisə baş verən günü səhər saatlarında Pərviz məndən saatı soruşdu. Mən də ona saatın 7 olduğunu bildirdim. Pərviz mənə inanmadı, aramızda mübahisə yarandı. Mübahisə zamanı Pərviz məni döydü, bədənimin müxtəlif nahiyələrinə xəsarət yetirdi. Mən də təcili tibbi yardıma müraciət etdim. Həkimlər məni müayinə etdikdən sonra qabırğamın birinin sındığını, bir neçə qabırğamın əzilmiş və onurğamın zədələnmiş olduğunu dedilər”.

Bu işə Abşeron rayon Məhkəməsində baxılıb.

Pərvizin barəsində Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 5 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci, 1.15 bəndləri tətbiq edilib.

Onun barəsində olan cinayət işinə xitam verilib.