Bakıda COVID-19 şoku: İki teatr fəaliyyətini niyə dayandırdı?

28 Yanvar 2022 09:14 (UTC+04:00)

Akademik Milli Dram Teatrı koronavirusa görə fəaliyyətini yanvarın 23-dən fevralın 7-dək müvəqqəti dayandırıb.

Teleqraf.com əməkdaşı teatrlarla əlaqə saxlayıb, pandemiya ilə bağlı onların vəziyyəti ilə maraqlanıb.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı deyib ki, teatr fəaliyyətini 14 günlük dayandırıb: "Teatrda koronavirusa yoluxanlar daha çox texniki işçilərdir. Onlar da gün ərzində aktyorlarla təmasda olan insanlardırlar. Daha iki aktrisa COVID-19-a yoluxub. Onlardan biri sağalıb. Teatrın rəhbərliyi qərara aldı ki, 14 gün karantin olsun.

Tamaşaçılara demək istəyirik ki, aldıqları bilet qüvvədədir. Fevralın 20-dən sonra teatra yaxınlaşıb, repertuara uyğun həmin tamaşaya baxa biləcəklər. Bu, profilaktik tədbirdir və yoluxmanın qarşısını almaq məqsədi daşıyır. Teatrda təxminən ona yaxın tamaşa təxirə salınıb".

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanovanın sözlərinə görə, teatrın fəaliyyətinə xələl gətirən hər hansı şərait yoxdur: "Teatrmızda ciddi nəzarət var. Koronavirusa yoluxan əməkdaşımız olarsa, dərhal təcrid edilir. Mədəniyyət ocağında indiyə qədər hər şey öz qaydasında davam edir və pandemiya şərtlərinə yüksək səviyyədə əməl olunur. Tamaşa zalında xüsusi nəzarət var. COVID-19 pasportsuz teatra daxil olmağa icazə yoxdur, ara məsafəsi qorunur. Teatrın bağlanmasına gətirən hər hansı problem söhbət mövzusu deyil".

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Pərvin Nurəliyeva bildirib ki, mətbuatdan həmkar teatrların - Azərbaycan Dövlət Akademik Milli Dram və Rus Dram teatrlarının tamaşalarının təxirə salınmasından xəbər tutublar: "Bizdə belə bir vəziyyət müşahidə olunmur. Təbii, koronavirusa yoluxan əməkdaşlarımız olub, amma alternativ variantlardan istifadə etmişik, dublyor səhnəyə çıxıb, yaxud tamaşa təxirə salınıb.

Hazırda vəziyyət kritik həddə çatmayıb ki, biz də belə bir qərar verək. Sağlamlıq hər şeydən önəmlidir. Belə bir ehtiyac hiss edəriksə, analoji tədbir görməli olacağıq".

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının mətbuat xidmətinin rəhbəri
İlham Məmmədov isə iki aktyorun koronavirusa yoluxduğuna görə teatrın tamaşalarının təxirə salındığını açıqlayıb: "Teatrda 15 gün əvvəl iki tamaşamız təxirə düşdü. Tamaşanın baş rolunu oynayan aktyorlar koronavirusa yoluxdular. Onların adlarını demək istəmirəm. Vaxtımız az olduğuna görə dublyorumuz yox idi və tamaşaları təxirə saldıq. Artıq aktyorların səhhətləri yaxşıdır və birinci gündən işə gəlirlər.

Teatrda uşaq tamaşaları təxirə salınmayıb, böyüklər üçün də tamaşalarımız nümayiş etdirilir. Teatr iki-üç gündən bir dezinfeksiya edilir. Qeyd etdiyim kimi, cəmi iki aktyorumuz koronavirusa yoluxmuşdu, onlar da yüngül keçirdilər və sağaldılar".