Nəzirə nəzarət edəcək qurum məlum oldu

28 Yanvar 2022 09:50 (UTC+04:00)

“Dini qurumlara ianə edilmiş pul vəsaitlərinin hər hansı bir formada təşkili və həyata keçirilməsini dövlət müəyyən edəcək. Yəni, bunu müvafiq icra hakimiyyəti orqanı kimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tənzimləyəcək”.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikləri şərh edərkən bildirib.

O qeyd edib ki, bununla bağlı müəyyən qaydalar hazırlanacaq: “Həmin qaydalar vasitəsilə də ianələrin forması müəyyənləşdiriləcək”.

Deputat vurğulayıb ki, qanuna təklif edilən dəyişikliklə ianə edilmiş pul vəsaitlərinin dini qurumlar tərəfindən qəbul edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək: “Bildiyiniz kimi hazırda ölkədə dini durumla bağlı siyasəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirir. Yəni, Dövlət Komitəsinin müəyyən etdiyi orqan da bu funksiyanı yerinə yetirəcək.

Qanuna təklif olunan dəyişikliklər ianələrin həm nəğd, həm də elektron qaydada qəbulunu nəzərdə tutur. Hesab edirəm, bu dəyişiklik də sözügedən sahədə hesabatlılığın və şəffaflığın təmin olunmasına öz töhfəsini verəcək. Cəmiyyətdə zaman-zaman nəzir qutularına atılan ianələrin taleyi ilə bağlı müxtəlif müzakirələr gedir. Hazırda ölkəmizdə “YAŞAT” Fondunun nümunəsi var. Hesab edirəm, belə bir sistem quraraq vəsaitin şəffaflığını və hesabatlılığını təmin edə bilərik”.

Qeyd edək ki, "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklikliyə əsasən, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edə biləcək.