Putindən dost xahişi: “Bunu yerə salmamağa çalışacaq, amma...”

28 Yanvar 2022 15:53 (UTC+04:00)

“Ukrayna ordusu ərazi bütövlüyünü təmin etmək istəyərsə, Putin düşünmədən hərbi müdaxilə planını işə salacaq”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ukrayna böhranı ətrafında yaranmış geosiyasi situasiyaya diqqət çəkib:

“Çində gələn həftə qış olimpiadası başlayacaq. Məlumdur ki, qədimdən olimpiada dövründə müharibələrə ara verilməsiylə bağlı çağırışlar olurdu. Bu çağırışlar heç də hər zaman eşidilmirdi. Yaxın tariximizdə - 2008-ci ildə Pekin yay olimpiadası başladığı günlərdə Rusiya ilə Gürcüstan arasında müharibə oldu və döyüşlər bir neçə gün çəkdi. İndi də vəziyyət oxşardır. Beynəlxalq aləm Rusiyanın Ukraynaya hərbi müdaxiləyə hazırlaşmasından danışır.

“Blumberq” agentliyi bir neçə gün əvvəl belə xəbər yaymışdı ki, Çin lideri Si Cinpin dostu Rusiya Prezidenti Vladimir Putindən xahiş edib ki, olimpiada günlərində Rusiya Ukraynaya hərbi müdaxilə etməsin. Əlbəttə, Putin dostunun xahişini yerə salmamağa çalışacaq. Digər tərəfdən Vladimir Putinin özü də Çində olimpiadanın açılışında iştirak edəcək. Ancaq Ukrayna ordusu ərazi bütövlüyünü təmin etmək istəyərsə, Putin düşünmədən hərbi müdaxilə planını işə salacaq”.

Elxan Şahinoğlu qeyd edib ki, buna baxmayaraq, Çinin BMT-dəki nümayəndəsi Çjan Tsyun ölkəsi adından beynəlxalq aləmə bir daha müraciət edərək olimpiada günlərində sülhə riayət edilməsinin vacibliyini xatırladıb:

“Pekin Moskva ilə yanaşı, Vaşinqtondan da oxşar xahiş edib. Çin Xarici İşlər naziri Van Yi amerikalı həmkarı Entoni Blinkinə zəng edərək Pekinin Ukrayna böhranının “Minsk razılaşması” əsasında həllinə dəstək verdiyini bildirdi. Van Yi “Minsk razılaşmasının” BMT Təhlükəsizlik Şurasının da dəstəklədiyini xatırladıb. Yəni Van Yi bununla demək istəyib ki, müharibə başlasa, bunun günahkarı Rusiya deyil, “Minsk razılaşmalarını yerinə yetirməyən” Ukrayna və onun arxasındakı ABŞ olacaq.

Əslində sülh çağırışları Pekinin özünə də aiddir. Çinin hərbi gəmiləri Tayvana yaxın məsafədə üzürlər, Hindistanla sərhədin dağlıq hissəsinə əlavə qüvvələr toplayıblar, üstəgəl də uyğurların zorla “əmək düşərgələrində tərbiyələndirilməsi” siyasəti davam edir”.