"Azərbaycan və Türkiyə güc balansını dəyişdi, Antalyada Ermənistanla görüşdə..." - Quliyev

28 Yanvar 2022 16:53 (UTC+04:00)

Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Azay müəllim, Şuşa Bəyannaməsinin parlamentdə ratifikasiyası, iki qardaş ölkə arasındakı tarixi müttəfiqlik münasibətlərinin əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Əvvəla onu deyim ki, dövlət və ya hökumət başçıları tərəfindən imzalanan bəyannamələr heç də hər dəfə parlamentlərdə ratifikasiya edilmir, qanun statusu almır. Lakin dövlətlər üçün xüsusi əhəmiyyət daşıyan Şuşa Bəyannaməsi kimi sənədlər istisna təşkil edir və ona verilən önəmin təsdiqi kimi parlament tərəfindən qanun statusu alır. Bu baxımdan Şuşa Bəyannaməsinə qanun statusu verilməsi çox mühüm hadisədir və Azərbaycanla Türkiyə arasında hazırkı strateji müttəfiqliyin ruhuna uyğundur. Bu, həm də onu göstərir ki, hər iki qardaş ölkənin həyata keçirdikləri siyasət ardıcıl və prinsipialdır. Regionda sülh və təhlükəsizliyin təminatında, hərbi əməkdaşlığın daha da genişləndirilməsində, II Qarabağ savaşından sonra lehimizə yaranmış geosiyasi balansın qorunub saxlanılmasında, Azərbaycanın ərazi bütövlüyü və təhlükəsizliyinə ola biləcək istənilən təhdidin qarşısının birgə alınmasında Şuşa Bəyannaməsi həm çəkindirici, həm də praktiki əhəmiyyətə malikdir. Milli Məclis fevralın 1-də bu sənədi qanun layihəsi kimi gündəliyə daxil edib qəbul etməklə Azərbaycan və Türkiyənin qardaşlığa və dərin köklərə dayanan strateji müttəfiqliyinin nə qədər dönməz xarakter aldığını növbəti dəfə bütün dünyaya nümayiş etdirmiş olacaq. Əminəm ki, Türkiyə Böyük Millət Məclisi də tezliklə Şuşa Bəyannaməsini ratifikasiya edəcək.

- Antalyada Türkiyə, Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü baş tutacaq. Gözləntilər nədən ibarətdir?

- Əslində nəticədən asılı olmayaraq, elə görüşün bu formatda keçirilməsi yeni və müsbət tendensiya kimi qiymətləndirilə bilər. Yəni Azərbaycan, Türkiyə və Ermənistan nümayəndə heyətinin birgə görüşü və bunun qardaş ölkədə olması hər halda yaxşı göstəricidir. Bizim bir neçə il öncə heç ağlımıza gələ bilməzdi ki, üçlükdə belə bir görüş Türkiyədə keçirilə bilsin. Bu, artıq ona dəlalət edir ki, biz ən azından uzun müddət mövcud olan psixoloji baryeri keçmək üçün ilkin addımları atmağa başlamışıq. II Qarabağ müharibəsindən sonra yaranmış reallıq baxımından tərəflər əməkdaşlığa və 10 illər boyu mövcud olmuş düşmənçiliyə, bütövlükdə qeyri-müəyyənliyə son qoymağa meyilli kimi görsənməsini ancaq təqdir edə bilərik. Sözsüz ki, tam normallaşma vaxt və ciddi siyasi iradə tələb edəcək. Eyni zamanda regiona kifayət qədər təsiri olan digər oyunçuların bu prosesin daha da irəli aparılmasında nə qədər maraqlı olduğunu da izləməliyik.

- Sizcə proseslərin gedişi daha çox hansı amillərlə bağlı ola bilər?

- Ermənistanın konstruktiv yanaşmasından, beynəlxalq hüquqa uyğun şəkildə qonşuların ərazi bütövlüyünə hörmət etməsindən və onlara yönəlik əsassız iddialarından vaz keçməsindən çox şey asılı olacaq. Doğrudur, son vaxtlar Ermənistandan müsbət mesajlar eşidilir, Ermənistan baş nazirinin, parlament üzvlərinin bəzilərinin verdiyi açıqlamalar onu göstərir ki, artıq erməni cəmiyyəti post-münaqişə reallıqlarını qəbul etmək üzrədir. Onlar çox gözəl başa düşürlər ki, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan onların bir dövlət kimi gələcəyi yoxdur. Eyni zamanda bölgədə qalıcı sülhün olması və təhlükəsizlik Ermənistanın inkişafı üçün şərtdir. Proseslərin gələcəkdə uğurla davam etməsi regionda marağı olan güc mərkəzlərinin mövqeyindən və apardıqları siyasi kursdan da asılı olacaq.

Ancaq bütün bunlarla yanaşı hamımız yaxşı bilirik ki, Azərbaycan və Türkiyə necə ki, regionda güc balansını dəyişdi, yeni geosiyasi reallıqlar yaratdı, bundan sonra da regionun gələcək taleyinin müəyyən edilməsində əsas söz sahibi olmaqda, istədikləri gündəliyi formalaşdırmaqda davam edəcəklər. Bu mənada Cənubi Qafqazda istənilən əməkdaşlığın və sülh sazişinin baş tutması üçün son söz Azərbaycana məxsusdur. İndi dünyada bu gerçəyi qəbul etməyən heç bir ölkə yoxdur.

- Delimitasiya və demarkasiya prosesinin sürətlənməsinə bu görüş necə təsir edə bilər?

- Artıq Ermənistanın sözdən və bəyanatlardan əməli fəaliyyətə, götürdüyü öhdəliklərin real olaraq yerinə yetirilməsi mərhələsinə keçməsinin vaxtı gəlib çatıb. Ona görə də, biz Ermənistanın demarkasiya və delimitasiya məsələləri də daxil olmaqla Zəngəzur dəhlizinin açılması, Azərbaycanla qarşılıqlı olaraq ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət əsasında sülh müqaviləsinin hazırlanması prosesinə başlaması kimi digər bütün məsələlərdə səmimi, konstruktiv və praktiki addımlar atmasını gözləyirik. Antalya görüşünün nəticələrini də bu prizmadan qiymətləndirmək lazımdır.