Orta Asiyaya basdırılmış “minalar” partlamağa başladı – Bölgəni kim qarışdırır?

28 Yanvar 2022 20:25 (UTC+04:00)

“Orta Asiya qaynayır, yaxın gələcəkdə Dünyanın ən “qaynar” nöqtələrindən biri məhz Orta Asiya olacaq. Rus İmperiyası və onun təbii, hətta ideoloji uzantısı olan sovet imperiyası bölgədə o qədər etnik və ərazi “minaları” basdırıb ki, istənilən an bir-bir o “minaları” partlada, sonra da oralarda yeganə moderator, hakimi-mütləq olduğunu göstərə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu ReAl partiyası sədrinin müavini Natiq Cəfərli deyib.

Partiya rəsmisi Orta Asiya ölkələrində durumun getdikcə pisləşdiyini bildirib:

“Xəritəyə diqqətlə baxın, basdırılan “minalara”, şeytani ağlın məhsuluna fikir verin – Orta Asiya respublikaları ərazisində 8 anklav var. Sokhi anklavı – Qırğızıstan ərazisində Özbəkistana məxsus ən böyük anklavdır, 60 min əhali yaşayır, amma ən qəribəsi budur ki, orada yaşayanların mütləq əksəriyyəti etnik tacikdirlər. Yəni Qırğızıstan ərazisində, Özbəkistana məxsus taciklər yaşayan anklav – dediyim kimi, şeytani ağlın məhsulu ancaq belə ola bilərdi. Vorux isə Qırğızıstanda 130 km2 ərazisi, 35 min əhalisi olan, Tacikistana məxsus anklavdır.

Daha kiçik sahəsi və azsaylı əhalisi olan anklavlar da var. Məsələn, Tacikistana məxsus Karakçay anklavı Qırğızıstanda, Sarvak anklavı isə Özbəkistandadır, Qırğızıstanın isə Özbəkistan ərazisində Barak anklavı var, Özbəkistanın isə Qırğızıstan ərazisində Canqayıl, Çon-Qara və Şahmərdan anklavları yerləşir. Bir sözlə, belə qarışıq anklavlar sistemini yaradıb “minalar” basdırmaq ancaq şeytani düşüncənin ağlına gələ bilərdi.

Basdırılmış “minalar” istənilən an partladıla bilir. Dəfələrlə belə olub, təəssüf ki, olacaq da. Rusiya istənilən an orada vəziyyəti qarışdıra, özü də ağ at belində “xilaskar” kimi görünə bilər.

Sual verilə bilər ki, axı Orta Asiya respublikaları Kremlin sözünə qulaq asır, üzüyoladırlar, bəs niyə Kreml gərginlik yaradır? İlk baxışdan məntiqli sual olsa da, dərindən analiz edəndə tam da elə deyil.

Birincisi, Qırğızıstan xalqı vəı hakimiyyəti son Qazaxstan hadisələrindən çox narazı qaldılar, hətta KTMT-nin onlayn toplantısına Qırğızıstan prezidenti qatılmadı. Bu Kremlin gözündən yayına bilməzdi. İkincisi, Özbəkistan bəyan etdi ki, KTMT-yə qatılmayacaq, belə bir niyyəti yoxdur. Bu da Putinin xoşuna gəlmədi. Üçüncüsü, keçən ilin sonunda İstanbulda Türki Dövlətləri Təşkilatının təsis edilməsi, Orta Asiyanın türk respublikalarının orada aktiv iştirakı da Kremldə ciddi qıcıq doğurub. Buna görə də oraların tək sahibi olduğunu hər fürsətdə göstərməyə çalışacaq”.

Dördüncü amilə gəldikdə, Natiq Cəfərli burada daha maraqlı bir amilə - Çin faktoruna diqqət çəkib:

“Dünən Tacikistan və Qırğızıstan arasında baş verən atışmalar və gərginlikdən cəmi 24 saat öncə Çinin dövlət başçısı Si Cinpin Orta Asiya respublikalarının rəhbərləri ilə onlayn konfrans, görüş keçirib. Çinin o bölgəyə təsirləri sürətlə artır, ekspansiyası güclənir. Rusiya indi elə bir ağır durumdadır ki, Qərbə qarşı Çinə möhtacdır, ona görə də açıq şəkildə Çinin o bölgənin “yumşaq istila”sına səsini çıxara, təpki verə bilmir. Birbaşa Çinə nəsə deyə, irad bildirə bilməyən Rusiya dünənki toqquşmalarla mesaj verə bilər ki, buralar mənim “arxa bağça”mdır, girməyin, milyardlarla yatırım etməyin, “barıt çəlləyi” partlaya, pullarınız bata bilər.

Bir sözlə, dünya tamam çivisindən çıxır, çıxacaq, başımızın çarəsinə qalmaq, dayanıqlı, institutsional dövlət qurmaq zamanıdır. Qardaş Türkiyə ilə de-yure bağlanan ittifaqımızı daha üst nöqtəyə daşımalıyıq. İllərdir dediyimiz kimi, ilkin addım olaraq Türkiyə ilə Hərbi Təlim Mərkəzlərinin yaradılmasına qərar verməliyik, Britaniya və İsrail ilə qurulmuş de-fakto ittifaqların isə möhkəmləndirilməsi üçün yeni yollar tapmalıyıq”.