İyirmi il kimsəsiz adada yaşadı – Tənha qadının böyük sirri

28 Yanvar 2022 23:13 (UTC+04:00)

1853-cü ildə doğulan Xuana Mariya adlı qadın Kaliforniyanın San-Nikolas adasının tənha qadını kimi tarixə düşməyi bacarıb.

Teleqraf.com xəbər verir ki, XIX əsrdə Kaliforniyanın San-Nikolas adasındakı yerli Nikoleno qəbiləsinin son üzvü olduğu təxmin edilən Mariya 20 il kimsəsiz adada tək yaşayıb. Nikoleno dilində danışan sonuncu şəxs olaraq adını tarixi qeydlərə “qızıl hərflər”lə yazdırıb.

Mariyanın doğulduğu vaxt San-Nikolas adalarında müxtəlif muxtar yerli icmalar yaşayırdı, onların hər birinin özünəməxsus dili və mədəniyyəti vardı. O zamanlar Kaliforniya hələ ABŞ-ın tərkibində deyildi, amma 1848-ci ildə Meksika-Amerika müharibəsindən sonra sülh müqaviləsinin bir hissəsi olaraq bura birləşdirildi.

XIX əsrin əvvəllərində yerlilər adalardan köç etməyə başladı. Nikolenolar adalarını tərk edən sonuncular oldular. Mariyanın adasını niyə tərk etmədiyi dəqiq məlum deyil. İddiaya görə, o, körpəsi ilə birlikdə köçü daşıyan xilasedici qayığa aparılıb, amma uşağına görə geri qayıtmaq istəyib və qayıqdan suya atılıb. Körpəsini sahilə qayıdarkən itirib.

Xuana Mariya adada tək qaldıqdan sonra burada balina sümüklərindən daxma, topladığı tüklərdən paltar tikib. Nikoleno qəbiləsinin köçürülməsindən sonra Xuana Mariyanın adada tək qalması ilə bağlı xəbər bütün Kaliforniyaya yayılıb. Bu səbəbdən adalarda qalan tənha qadın üçün xilasetmə əməliyyatının aparılması üçün işlərə başlanılıb. Beləliklə, kapitan Nidever bu sirli qadını axtarmaq qərarına gəlib.

Mariya balina sümüklərindən hazırlanmış daxmada iyirmi il yaşayıb. O, Amerikaya qaytarıldıqdan yeddi həftə sonra 42 yaşında vəfat edib. Ölüm səbəbi dizenteriya kimi göstərilib. Müasir dünyanın dinamikasına uyğunlaşa bilməyən Mariyanın insanlar arasındakı həyatı qısamüddətli olub.