Yunanıstan qorxmağa başladı: “Türkiyə yenidən qayıda bilər”

29 Yanvar 2022 10:55 (UTC+04:00)

Yunanıstanın “Kathimerini” qəzeti yerli müdafiə sənayesinin inkişafına əhəmiyyətli vəsait ayıran Türkiyənin Egey və Şərqi Aralıq dənizlərində, Liviya, Azərbaycan, Qafqaz və Suriyada nüfuz dairəsinin genişləndiyini yazıb.

Teleqraf.com xəbər verir ki, yunan nəşri Türkiyənin ABŞ-la münasibətlərini normallaşdırmaq və “F-35” proqramına qayıtmaq imkanının həmişə yüksək olduğunu bildirib.

“Yunanıstanın “F-35”-lərə hazır olub-olmadığı ilə bağlı çox ciddi müzakirələr aparılacaq, bu, heç də asan deyil, çünki belə bir qərar çox genişmiqyaslı təkmilləşdirmə işlərinə və infrastrukturun qurulmasına gətirib çıxaracaq”, - qəzet qeyd edib.

Türk PUA-larına toxunulan məqalədə Türkiyə Hərbi Hava Qüvvələrinin Qərbin ən güclü hava qüvvələrindən biri olduğu və Yunanıstanın dronlar sahəsində Türkiyədən çox geri qaldığı deyilib.

Yunanıstanın türk PUA-ları ilə bağlı araşdırma apardığı, amma heç nəyə nail ola bilmədiyi vurğulanıb:

“Hətta Avropa İttifaqına üzv dövlətlər də Türkiyənin PUA-larına açıq maraq göstərirlər. Ən müasir Amerika PUA-larından daha ucuz, əməliyyat baxımından Çin texnologiyalarından qat-qat səmərəli olan türk pilotsuz uçuş aparatlarına maraq getdikcə artır. Son illərdə bu PUA-lar Türkiyənin yerli sənayesinin ciddi potensiala sahib olduğunu göstərir”.