Türkiyədə də çörək bahalaşır

29 Yanvar 2022 13:58 (UTC+04:00)

Türkiyədə dekabr ayında qiymət artımıyla - 3 TL-dən satılmağa başlayan çörək yenidən bahalaşıb.

Teleqraf.com xəbər verir ki, artan xərclər qarşısında dayanmaqda çətinlik çəkən çörək sexləri fevralın 1-dən etibarən çörəyi 3,5-4 lirədən satmağa başlayacaqlarını elan edib.

Ayın əvvəlindən İstanbulda Beşiktaş, Sarıyer və Şişlidəki çörək sexlərində çörək 3,5 lirədən, Kadıköy, Maltəpə və Ataşehirdə isə 4 lirədən satılacaq.

Çörək İstehsalçıları İşəgötürənlər Birliyinin sədri Cihan Kolivar tədbir görülməsə, çörəyin 1 aydan sonra 5-6 lirədən satılacağını bildirib: “Həm giriş xərcləri artıb, həm də lisenziyasız sobalar səbəbindən iş çox çətinləşib. İstanbulda 1500-ə yaxın lisenziyasız çörək sexi var. Qeyri-qanuni olsalar da, təbii qaz, işıq və su ilə təmin edilir, vicdanla işləyən çörəkçi tacirlər də məğlub olur. Kənd Təsərrüfatı Nazirliyi və bəzi rayon bələdiyyələri bunlara göz yumur".

Hazırda İstanbulda çörəyin rəsmi qiyməti 2,5 TL-dir.